Baqrat “gövdəsini” Zəngəzur dəhlizinə “qoydu” – Bakı hansı addımı atacaq?

Ermənistanda keşiş Baqrat Qalstanyanın rəhbərliyi altında hakimiyyətə qarşı başlayan etiraz aksiyaları, konstitusiyanın dəyişdirilməməsi istiqamətində verilən açıqlamalar sülhlə yanaşı Zəngəzur dəhlizi məsələsini də dalana dirəyib.

Maraqlıdır, Azərbaycan İran üzərindən alternativ marşruta üstünlük verəcəkmi?

Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev deyib ki, Ermənistandakı aksiyalar, revanşist qüvvələrin fəaliyyəti Paşinyan hakimiyyətini ciddi narahat edir:

“Mövcud vəziyyətdən qorxduqları üçün verdikləri vədlərə əməl etmirlər. Ermənistanın bu addımları fonunda İran üzərindən keçən alternativ yolun açılması daha məqbul hal alır. Azərbaycan üçün sözügedən alternativ yol və Zəngəzur dəhlizi mahiyyət etibarilə eynidir. Ermənistanın da dəhlizdən yararlanmasını, regionda sülh yolunu tutmasını istəyirik. Zəngəzur dəhlizi təkcə nəqliyyat yolu deyil, regionda sülhə, sabitliyə zəmanətdir. Azərbaycan və Ermənistan onilliklərdən sonra sabit, sülh şəraitində yaşamaq, regionu digər təxribatçılardan qorumaq imkanı əldə edəcək. Təəssüf ki, Ermənistan bunu başa düşmək istəmir”.

Politoloqun sözlərinə görə, Ermənistanda Paşinyan hakimiyyətinə qarşı başlayan aksiyalar daxili vəziyyəti gərginləşdirib:

“Ölkənin Nazirlər Kabinetində dəyişikliyin olması da istisna edilmir. İyunun 17-də parlamentin iclası keçiriləcək. Bu iclasın da prosesdə müəyyən rolu olacaq. Ermənistan konstitusiyaya dəyişiklik etməzsə, heç bir halda sülh müqaviləsi imzalanmayacaq”.

Safura Bənnayeva
Globalinfo.az