Bir neçə gün əvvəl paytaxta yağan güclü yağış özü ilə müəyyən problemləri də gətirdi. Belə ki, səhər saatlarında başlayan yağıntıların normadan artıq olması xüsusilə tunellərdə həmçinin Bağırov körpüsü, Sabunçu rayonu “Komsomol dairəsi” və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yarandı.
Güclü yağışlar səbəbindən Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunelə yağış sularının dolması nəticəsində iki nəfərin boğularaq həyatını itirməsi fonunda ictimaiyyəti maraqlandıran bir sıra məsələlər də var. Bu işlərdə günahı olan aidiyyəti qurumların və onların rəhbərlərinin cəzalandırılması tələb edilir.
Bu tələb nə dərəcədə hüquqa uyğundur? Belə vəziyyətlərdə cəzalar necə olmalıdır? Bu məsələlər araşdırıldıqdan sonra cəza müəyyən edilməlidir?
Globalinfo.az-a danışan hüquqşünas Fərhad Mehdiyev hər bir halda cinayət işinin qaldırılmasının vacib olduğunu vurğulayıb:
Fərhad Mehdiyev
“Qurumun rəhbəri yerinə, körpülərin tikintisinə nəzarət edənlər və s. cəzalandırılmalıdır. Ümumiyyətlə, körpülər tikilən zaman suyu çəkmək üçün nasoslar qurulur. Hazırkı məqamda bu nasosların niyə işləmədiyinin səbəbi tapılmalıdır. Nasoslara xidmət göstərən şəxslər də məsuliyyətə cəlb edilməlidir. Ola bilər ki, qurumun özünün nasosa xidmət göstərmək üçün texniki bacarığı yoxdur və bu zaman başqa şirkətlə razılaşma bağlamalıdır. Bu razılaşmanın bağlanmaması məsuliyyətsizlikdən xəbər verir və həmin rəhbərlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu səlahiyyətin konkret kimə verildiyinə baxılmalıdır. Vəzifə səhlənkarlığı olduğu aşkarlandıqdan sonra əməli addımlar atılmalıdır”.
Əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov isə qeyd edir ki, körpülər, tunellər, yeraltı keçidlər üçün xüsusi tenderlər olur:
“Hansısa xüsusi şirkətlər bu istiqamətdə layihələr irəli sürürsə, bu tenderlər onlara verilir. Lakin burada da şəffaflığın şahidi olmuruq. Limit, ayrılan vəsaitin məbləği və s. kimi məlumatlar haqqında ətraflı informasiyalar verilmir. Sadəcə hansı layihənin hansı şirkət tərəfindən icra olunduğu məlum olur. Dövlət əhəmiyyətli layihələr xüsusilə də yol, nəqliyyat, magistral və s. daha məsuliyyətli şirkətlərə verilməlidir ki, bu kimi hallar yaşanmasın. Ümumiyyətlə, hər sahədə nəzarət mexanizmi olmalıdır ki, belə məsuliyyətsizliklərin, şəristəsizliklərin qarşısı alınsın. Xüsusi su ötürücü kanallar quraşdırılmalıdır. Beləliklə, normadan artıq leysan xaraketrli yağışlara tab gətirmək mümkün olacaq”.
Mülkədar Rüstəmov
Mülkədar Rüstəmovun sözlərinə görə, həmin tip layihələrdə dövlət nəzarət mexanizmini gücləndirməlidir:
“Məbləğin hansı istiqamətdə xərcləndiyi, işin icrasının hansı səviyyədə aparıldığı, keyfiyyət standartların yoxlanması istiqamətində FHN, tikintiyə nəzarət qurumları araşdırmalar aparmalıdır. Təhvil alan zaman prosesə töhfə verməlidir. Hər hansı qayda pozuntusunun aşkarlanıb-aşkarlanmadığını ortaya çıxartmalıdırlar. FHN çoxmərtəbəli binaların tikintisində olduğu kimi digər tikintilərə də nəzarət etməlidir. Son hadisələr onu deməyə əsas verir ki, həmin ərazilərdə müəyyən boşluqlar olub və hər hansı şirkətlər bundan öz xeyirlərinə istifadə ediblər”.
Safura Bənnayeva
Globalinfo.az














