Bakıda söküntü işləri: buna diqqət edin, əks halda… – Vacib qayda

Bakıda söküntü işləri: buna diqqət edin, əks halda... - Vacib qayda

Paytaxtın qədim “Bayırşəhər” məhəlləsində hazırda söküntü işləri aparılır. Sakinlərin sözlərinə görə, bu işlər qanunsuz şəkildə həyata keçirilir, çünki ərazi “Bakı şəhərinin Baş planı 2040″da xüsusi mühafizə zonası kimi göstərilib. Kimisi bu prosesi tarixin silinməsi, kimisi isə şəhərin yenilənməsi kimi dəyərləndirir. Qeyd olunur ki, köhnə binaların əksəriyyəti kustar üsulla, zəif sementlə tikilib, divarlar rütubətdən nəfəs almır, tavanlar çökür və evlər qəzalı vəziyyətdədir.

Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, xüsusi mühafizə zonalarında söküntü işlərinin aparılması üçün əvvəlcə müvafiq dövlət orqanlarından icazə alınmalıdır:

“Belə ərazilərdə söküntü prosesi məhdudlaşdırılmış və ya zəiflədilmiş şəkildə aparılır. İşlərin gedişində ərazinin ekoloji tarazlığı, tarixi və mədəni dəyərləri qorunmalıdır. Əsas tələblərə icazənin alınması, ərazinin xüsusiyyətlərinə uyğun tədbirlərin görülməsi, söküntü zamanı ətraf mühitə zərər vurulmaması və işlərin yalnız peşəkar mütəxəssislərlə aparılması daxildir. “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 3-cü bəndinə əsasən mühafizə zonasında inşa edilmiş tikinti obyektinin sökülməsi müvafiq mühəndis-kommunikasiya təminatı sistem və xətlərini təmin edən təchizat müəssisələrinin, habelə nəqliyyat və digər aidiyyəti qurumların iştirakı ilə həyata keçirilir”.

Bakıda söküntü işləri: buna diqqət edin, əks halda... - Vacib qayda

Əlövsət Allahverdiyev

Hüquqşünas qeyd edib ki, bunun üçün sakinlər öz mülkiyyət hüquqlarını sənədlərlə əsaslandırmalıdırlar:

“Bu zaman texniki pasport, Əmlak Məsələləri Dövlət Xidmətindən çıxarış (kupça) əldə etməlidirlər. Əgər bu yoxdursa, bələdiyyə qərarı, order, mülkiyyətə qəbul aktı, qəbzlər, elektrik, su, qaz müqavilələri kimi sübutedici sənədlər də toplanmalıdır. Bunlar olmadan kompensasiya və ya məhkəmə müdafiəsi çətinləşir”.

Ləman İmran
Globalinfo.az