Şagird qızılcadan ölüb? – Məktəbdən açıqlama

Şagird qızılcadan ölüb? - Məktəbdən açıqlama

Bakı şəhəri, Qaradağ rayonu 195 nömrəli tam orta məktəb şagirdin qızılcadan ölməsi ilə bağlı məlumat yayıb.

Məktəbdən Globalinfo.az-a bildirilib ki, valideynlər övladlarının səhhətində yaranan problemlərlə əlaqədar təhsil müəssisəsinə müraciət ediblər.

Müraciətə əsasən məktəb rəhbərliyi tərəfindən 24.11.2023-cü il tarixində Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) məlumat verilib.

“Məsələ ilə əlaqədar Qaradağ rayonu GEM-in işçi qrupu məktəblə sıx əməkdaşlıq aparır. Yoluxma sayına gəldikdə isə ekspertiza və müayinələrdən sonra aidiyyəti qurumlar tərəfindən müvafiq açıqlama veriləcək”.

Qeyd edək ki, məktəbin IV sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 27 noyabr tarixindən dərs prosesində iştirak etməyib. Valideyn övladının qızılca xəstəliyinə yoluxduğunu bildirib. Şagird 30.11.2023-cü il tarixində dünyasını dəyişib.

Ümumi təhsil müəssisəsindən müvafiq məlumatlar operativ olaraq aidiyyəti qurumlara verilir və həmin dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir”, – məktəbdən qeyd olunub.

***13:03

Bakı şəhəri, Qaradağ rayonunda 2014-cü il təvəllüdlü uşaq ölüb.

TƏBİB-dən Globalinfo.az-a verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub.

Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb: “Şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür”.

Xatırladaq ki, Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin direktoru Laçın Hüseynli təhsil müəssisəsinin 4-cü sinif şagirdi, 10 yaşlı Rinatın qızılca xəstəliyindən dünyasını dəyişdiyini deyib.

***12:27

Bakıda şagird qızılca xəstəliyindən vəfat edib. 

Globalinfo.az bildirir ki, u barədə məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirilib ki, 195 saylı tam orta məktəbdə qızılcaya yoluxan bir şagird dünyasını dəyişib:

“Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Allah valideynlərinə səbir versin. Ölkədə tibb sahəsində kadr çatışmamazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. Üç növbəli məktəbin bir həkimi yoxdur. Son beş gündə 200-dən çox yoluxma var”.

Qeyd edək ki, bir neçə gün əvvəl Kürdəmirdə də qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı vəfat edib.