Ukraynanın Kurska hücumundan sonra Bakıya rusların gəlməsində artım olduğu deyilir. Artıq paytaxtda onlara hər addımda rast gəlmək olur.
Görəsən, təhlükəsiz ölkə kimi rusların Azərbaycana axını arta, qaçqın köçü çoxala bilərmi?
Ümumiyyətlə, iki böyük ölkədən – İran və Rusiyadan Azərbaycana qaçqın axını gözlənilir? Xatırladaq ki, İranın İsraillə gözlənilən müharibəsi fonunda bu ölkədən Azərbaycana qaçqın köçünün ola biləcəyi istisna edilmir. Bu isə böyük humanitar fəlakət kimi proqnozlaşdırılır.
Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərlinin fikrincə, rusların Azərbaycana gəlişinin birbaşa Kurskla əlaqəsi yoxdur.
Onun sözlərinə görə, Rusiyadan hər həftə Azərbaycana 30-a yaxın reys həyata keçirilir:
“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev də dedi ki, tarixdə ilk dəfədir Rusiyadan bura bu qədər intensiv aviareyslər açılıb. Rusiyanın müxtəlif şəhərlərindən ölkəmizə hər həftə 30-a yaxın reys reallaşdırılır. Amma Kurskdan Azərbaycana uçuş yoxdur. Ona görə də, rusların ölkəyə gəlişinin Kurskla əlaqəli olduğunu düşünmürəm. Sadəcə, rusların gedə biləcəkləri ölkə sayı azalır deyə, onların bura axını baş verir. Rusiya vətəndaşlarının Ermənistana da səfəri artıb”.
Natiq Cəfərli
İqtisadçı deyib ki, ruslar üçün Azərbaycana səfər etmək daha rahatdır:
“Onlar burada dil problemi yaşamırlar, gəzməli, görməli yerləri görürlər, başqa ölkədə yaşadıqları sıxıntıları Azərbaycanda yaşamırlar, daha rahat dincələ bilirlər və s. Ölkəyə gəliş səbəbi də məhz budur”.
N.Cəfərli İranla da bağlı fikir bildirib:
“İran Azərbaycanın cənub qonşusudur. Son zamanlar Azərbaycanla İran arasında konfliktin soyuduğunu görürük. Məsələn, İran İsrailə cavab vermədi. Düzü, yaxın zamanlarda hansısa bir böyük münaqişənin olacağını gözləmirəm. Çünki İranın yeni prezidenti və onun komandası, əksinə, Qərblə münasibətlərin düzəldilməsi yolunda addımlar atmaq niyyətindədilər. Böyük müharibələr başlamasa İran və Rusiyadan ölkəmizə qaçqın axınının olacağını düşünmürəm. Rusiya iki ildən çoxdur müharibə edir, lakin ölkəyə qaçqın axını baş verməyib”.
Zaira Akifqızı
Globalinfo.az














