Bakının mərkəzinə yaxın hissələrdə ard-arda yanğın və partlayış hadisələri baş verir. Sonuncu belə dəhşətli hadisə yanvar ayının 15-də Binəqədi rayonu ərazisində yaşandı.
Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində 8 nəfər həlak oldu, 24 nəfər xəsarət aldı. Partlayışın başvermə anını izləyərkən, sanki müharibə gedən şəhərlərdən videoya baxırsan.
Belə hadisələr məsuliyyətsizlikdən, qanun və qaydalara riayət etməməkdən qaynaqlanır. Bunun məsuliyyəti təkcə hansısa sahibkarda deyil, aidiyyatı dövlət qurumlarındadır.
Gözdən, könüldən uzaq, qeyri-leqal fəaliyyət göstərən obyektlər nədənsə aşkarlanmır? Digər obyektlərdə, məsələn, avtomobil təmiri sexlərində də vəziyyət heç də fərqlənmir, təhlükəsizlik tədbirləri ciddi şəkildə pozulur. Bu, artıq paytaxtın və vətəndaşların təhlükəsizlik məsələsinə çevirilib. Bəs məsələyə kimlər nəzarət etməlidir? Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətlərinin, kommunal təşkilatların öhdəliyi nədir?
Ümumiyyətlə, icra hakimiyyətləri öz ərazilərində bu cür gec partlayan “bombaları” və qeyri-leqal fəaliyyət göstərən obyektlərin siyahısını çıxarıb lazımi orqanlara verməlidirmi?
Bu cür obyektlərin aşkarlanması üçün Nazirlər Kabineti yanında xüsusi komissiya yaradılmalıdırmı?
Mövzunu Globalinfo.az-a şərh edən Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyib ki, Azərbaycanda bir çox yanğın və partlayış halları adətən hökumətin bəzi geosiyasi dəyişikliklərə hazırlaşdığı məqamlarda baş verir.
Heydər Oğuz
O, son hadisələrin də istisna olmadığını bildirib:
“Bilirsiniz ki, Prezident İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibə vermiş və Prezident seçkilərindən sonra yeni dövrə qədəm qoyacağımızı bildirmişdi. Bu isə hakimiyyətdəki keçmişin qalığı olan və “5-ci kolon” kimi tanınan qüvvələrin istefaya göndərilib, yerlərinə yeni zehniyyət sahiblərinin gətirilməsinin siqnalı idi. Ardınca da Respublika Perinatal Mərkəzində yanğın baş vermiş və bir neçə körpə dünyasını dəyişmişdi. Daha sonra isə mebel sexində partlayış meydana gəlmişdi. Mümkündür ki, bu hadisələr arasında bir əlaqə var və məqsəd Prezidenti aparacağı bəzi islahatlardan yayındırmaq olsun. Ümid edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu işin istintaqında təxribat versiyasını bir kənara qoymayacaq və hadisəni obyektiv araşdıracaq, günahı olan hər kəsi cəzalandıracaq”.
H.Oğuz qeyd edib ki, hadisənin COP29 təbliğatının getdiyi bir zamanda baş verməsi də bu ehtimalı gücləndirən amillərdəndir:
“Çünki xarici düşmənlərimiz arasında belə bir nüfuzlu konfransın Azərbaycanda keçirilməsini arzulamayan xeyli qüvvələr var və onlar 2015-ci ildə qəbul olunan Paris sazişinə uyğun olmayan istehsalat obyektləri ilə ölkəmizin bu toplantını keçirməyə haqqının çatmağını əyani şəkildə ortaya qoymaq istəyə bilərlər. Hər halda, hadisənin istintaqı zamanı bu məqam da diqqətdən yayınmamalıdır”.
Müsahibimiz ard-arda baş verən partlayışda, yanğında məsuliyyətin FHN-nin üzərinə düşdüyünü deyib:
“Bu cür “təxribat bombaları”nın qarşısının alınmasında əsas məsuliyyət, zənnimcə, Fövqəladə Hallar Nazirliyinin üstünə düşür. Nazirlik ölkəmizdə fəaliyyət göstərən istehsalat və xidmət müəssisələrində təhlükəsizlik tədbirlərinə necə əməl olunduğunu ciddi şəkildə yoxlamalı, onların əhali yaşayan yerlərdə, xüsusilə şəhərlərin içində inşasına izn verməməlidir. Xarici ölkələrdə belə sexlər və müəssisələr adətən şəhərlərdən kənarda salınmış istehsalat parklarında fəaliyyət göstərirlər. Fikrimcə, Azərbaycanda da bu təcrübədən nümunə götürülməlidr. Bu, həm də vətəndaşların həyatını maksimum şəkildə təhlükələrdən sığortalaması deməkdir. Bizdə isə “kəndxudanı gör, kəndi tala” prinsipi hələ də işlədiyindən kimin harada gəldi müəssisə açmasına göz yumulur”.
Zaira Akifqızı
Globalinfo.az














