Bakıda mühüm toplantı: Rəsmilər bir araya gəldi, hədəf bəllidir

ilhamaliyev gbf 130325 4jpg 1741851703

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumunun açılış mərasimi baş tutub. Forum 13-15 mart tarixlərini əhatə edəcək.

Tədbirdə iştirak üçün bir sıra ölkələrin prezidentləri, baş nazirləri və müxtəlif rəsmi şəxsləri Bakıya gəliblər. Azərbaycan Prezidenti İlham Əliyev açılış tədbirində çıxışı zamanı forumun əhəmiyyətinə diqqət çəkib. Üç gün davam edəcək toplantıda bir sıra beynəlxalq səviyyəli mövzular müzakirə olunacaq.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, hər il Bakıda keçirilən Qlobal Forum beynəlxalq dialoq və sosial-humanitar məsələlərin müzakirə edildiyi platforma kimi Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir.

“Bu platforma iqtisadi müstəvi olaraq, xalqların rifahı və sosial bərabərlik, rifah və firavanlıq kimi istiqamətləri özündə cəmləşdirir. Əvvəlki forumlarda olduğu kimi, dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri tədbirə qatılıblar. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsidir”.

zuriye qarayeva
Züriyə Qarayeva

Politoloq bildirib ki, builki Forumun mövzusu xüsusilə son zamanlar aktual olan məsələləri əks etdirir:

“Mövzu, “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”dir. Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. Təsadüfi deyil ki, Şərqi Avropa regionunda baş verən geosiyasi və geoiqtisadi tənəzzül fonunda Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, pandemiya dövründə nisbətən yoxsul ölkələrə göstərdiyi dəstək, ərzaq təhlükəsizliyi və su qıtlığı ilə mübarizədə məsuliyyətli siyasət çağırışları və sair beynəlxalq ictimaiyyətin diqqətinin xüsusən son illərda daha çox Bakıya yönəlməsinə səbəb olub.

XII Qlobal Bakı Forumunun nəticələri və beynəlxalq müzakirə üçün yeni çağırışlar formalaşdıracağı şübhəsizdir. Azərbaycanın təşəbbüsü əsasında həyata keçirilən iqtisadi, sosial və humanitar mövzular üzrə müzakirələr ölkəmizin imicinə daha da müsbət təsir edəcək”.

Turan Rzayev
Globalinfo.az