Bakının mərkəzində – Konqres Mərkəzinin qarşısındakı parkda dava-dalaş olub, gənc oğlan sevgilisinə sataşan şəxsi döyüb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə vaxtı 1994-cü il təvəllüdlü Ramil Osmanlı 17 yaşlı Sinan Əhmədovu vuraraq xəsarətlər yetirib. Hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127.1-ci və 221.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq) maddələri ilə iş açılıb.
İstintaq zamanı məlum olub ki, hadisə vaxtı Ramil nişanlısı ilə birgə parka gəzintiyə çıxıb. O, ifadəsində deyib:
“Özümü qeyd edilən maddələrlə təqsirli bilmirəm. Saat 18:30 radələrində nişanlım Rəvanə, dostum Allahverdi ilə Bakı Konqres Mərkəzinin qarşısına gəzməyə çıxmışdıq. Nişanlım öz balaca iti ilə gəlmişdi. Dostum arxada, mən isə nişanlımla birgə qabaqda gedirdim. Yavaş-yavaş gəzirdik, bu zaman qarşıdan gələn sonradan adlarını bildiyim, həmin vaxt tanımadığım Sinan da daxil olmaqla və birinin “xaski” cinsli iti olan şəxs bizə tərəf gəldi, həmin şəxslərdən xaskinin sahibi olan şəxs nişanlımın itinə təpik vurub iti hürkütdü və Sinan “3 dənə belə it saxlamaqdansa 1 dənə qeyrətli pişik saxla” və sonra nişanlıma söz atıb “nə bomba qızdır” dedi. Birinci söz atan xaski itinin sahibi idi, sonrakı cümləni Sinan dedi. Nişanlıma söz atdıqları üçün dava başladı. Onlara “içinizdə böyük kimdir” sualını verdim. Dostum Allahverdiyə nişanlımı maşına aparmağı xahiş etdim və onlarla kənara söhbət etməyə keçdim. Bu zaman dava düşdü, mən Sinanı vurdum, həmin 8-10 nəfər hərəsi bir tərəfdən məni vurmağa başladılar, onlar çox mən tək idim. Ətrafdakı şəxslər bizi araladı”.
Nərimanov rayon Məhkəməsinin bir neçə gün əvvəl verdiyi hökmlə 29 yaşlı Ramil aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.
Zaira Akifqızı














