Bakıda dəhşətli qətllər, silahlı basqınlar, atışmalar – Nə baş verir?  

Son günlər Azərbaycanda qətllə müşayiət olunan kriminal hadisələr artıb. Baxmayaraq ki, Daxili İşlər Nazirliyi (DİN) qanunsuz silahları yığır, bir çox vətəndaş tapdığı və ya özündə olan silahı könüllü şəkildə polisə təhvil verir, yenə də cinayət sayı artmaqdadır. 

Dəhşətlisi isə odur ki, odlu silahla silsilə qətllər törədilir. Son 1 həftədə artıq bir neçə adam məhz silahla qətlə yetirilib. Burada Xəzər rayonunda güllələnən polisləri və Nərimanovdakı gənci də misal çəkmək olar. Bəs bunun qarşısı necə alınmalıdır?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Bəhruz Məhərrəmov deyib ki, cinayətkarlıqla mübarizə hər dövlət üçün prioritet məsələlərdən biri hesab olunur.

Deputatın sözlərinə görə, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə çox ciddi və məqsədyönlü iş əmsalı ortaya qoyub:

“Azərbaycan polisi və digər aidiyyatı strukturlar cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması, eləcə də ictimai qaydanın təmin edilməsində effektiv fəaliyyət konfiqurasiyası qurmuş və nəticə etibarilə Azərbaycan bu gün dünyanın ən sabit, ən təhlükəsiz dövlətlərindən biridir”.

B.Məhərrəmov deyib ki, ölkə ərazisində müşahidə olunan ayrı-ayrı cinayətkar qəsdlər bütövlükdə ölkənin kriminogen durumunun göstəricisi ola bilməz:

“Təbii ki, insan amili olan yerdə cinayətlərin və digər ictimai təhlükəli əməllərin törədilməsi labüddür və heç bir cəmiyyət cinayətkarlıqla mübarizədə, xüsusən yeni cinayətlərin törədilməsinin qarşısının yüz faiz alınmasında effektiv mexanizmə malik deyil. Lakin bununla belə əməliyyat şəraitinin nəzarətdə saxlanılması, həyata keçirilən digər preventiv tədbirlər nəticəsində cinayətlərin statistikasının minimuma endirilməsi mümkündür və qeyd etdiyimiz kimi, Azərbaycanda da bu istiqamətdə narahatlıq doğuran situasiya mövcud deyil”.

Zaira Akifqızı

Globalinfo.az