“Bu gün Bakı şəhərində nəqliyyat problemi deyil, əsasən “dar boğazlar” problemi mövcuddur. Yəni yolların ötürücülük qabiliyyəti bəzi sahələrdə kifayət qədər məhdudlaşır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, əsas sıxlıqlar yeniləmə tələb olunan dairəvi yollarda, bəzi prospektlərdə və kəsişmələrdə müşahidə olunur:
“Məsələn, 20 Yanvar metrostansiyası istiqamətində və digər mühüm magistral kəsişmələrində bu vəziyyət açıq görünür.
Hesab edirəm ki, xüsusi ekspertlər cəlb olunmaqla həmin keçidlərin yenidən işlək vəziyyətə gətirilməsi, müasir həllərin tətbiqi ilə bu problemin qarşısının alınması mümkündür. Əslində, şəhərimizdə nəqliyyat problemi təqdim olunduğu qədər faciəvi deyil, sadəcə “dar boğazların” aradan qaldırılması vacibdir.
Digər tərəfdən, düşünürəm ki, biz yeni bir qanun layihəsi qəbul etməliyik. Bu qanun yol hərəkətinin idarə olunması və infrastrukturun koordinasiyasını həyata keçirən dövlət qurumlarının səlahiyyətlərini daha dəqiq müəyyənləşdirməlidir. Çünki bəzən eyni səlahiyyət müxtəlif qurumların üzərinə düşür və nəticədə vahid idarəetmə mexanizmi zəifləyir.
Safura Bənnayeva
Globalinfo.az














