Azərbaycan 30 illik işğala son qoyub, torpaqlarını işğaldan azad etdi. 100 ildən artıq davam edən separatizm sonlandı. Rusiya sülhməramlıları Azərbaycan ərazilərini tərk etdi. Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı. Bununla belə, Qərbdə məskən salan “söyüş muxalifəti” gecə-gündüz apardığı qara təbliğatdan əl çəkmir.
Bakıdakı radikallarla Avropaya sığınmış söyüş dəstəsi üçün proses bitməyib. Pozitivlərin arxasında qaranlıq əməlin olduğunu deyirlər. Məsələn, Sevinc Osmanqızı, Qənimət Zahid, Əli Kərimli və başqaları iddia edirlər ki, Rusiya ordusunun Azərbaycanı tərk etməsi yaxşı hal deyil. Fikirlərini belə “əsaslandırırlar”: “Moskva Azərbaycandan nəsə qoparıb, yoxsa sülhməramlılar getməzdi”.
Deputat Hikmət Babaoğlu mövzunu Globalinfo.az-a şərh edərkən deyib ki, ABŞ və Qərbdə anti-Azərbaycan ruporuna çevrilən “vətənpərvərlər” guya Azərbaycanı çox istəyir və mübarizə aparırlar:
“Əslində isə bu şəxslər “Azərbaycana niyə sülhməramlılar gəldi?”, “Niyə Azərbaycan Xankəndini 2020-ci ildə götürmədi?” kimi tezisləri istismar edərək bunu dövlətin, hakimiyyətin zəifliyi kimi göstərməyə çalışırdılar. Əslində bu, onların vətənpərvərliyindən irəli gəlmirdi. Bu, onların Azərbaycan hakimiyyəti üzərində təzyiq qurmaq üçün Qərbdəki bəzi dairələrin verdiyi direktivləri yerinə yetirmək cəhdləri idi. Amma buna nail ola bilmədilər.
Azərbaycan 44 günlük müharibədən sonra prosesi böyük məharət, uğurla və uzaqgörənliklə idarə etdi. Bu gün artıq Azərbaycanda sülhməramlılar yoxdur, Xankəndi və ətraf ərazilərdə suveren hüquqlarımız bərpa olunub. Bu gün Azərbaycanda separatçı da qalmayıb. Belə olan halda bu şəxslərin deməyə sözləri də qalmayıb”.
Hikmət Babaoğlu bu dəstə ilə bağlı bir məqamı da xatırladıb:
“Bir vaxtlar deyirdilər ki, Rusiya ordusu Ermənistandan çıxacaq, hətta 102-ci hərbi bazanı da tərk edəcək. Onlar deyirdi ki, Gürcüstan da torpaqlarını işğaldan azad edəcək. Azərbaycanda isə nə separatçılıq bitəcək, nə də Rusiya sülhməramlıları ölkəmizi tərk edəcək. Bu sözlər, fikirlər vətənpərvərlikdən çox, Azərbaycan dövlətinə, hakimiyyətinə, xalqına təhqir idi. Özünəinamsızlıq sindromuna sürükləmək məqsədi daşıyan bir plan idi.
Artıq bu şər ruporunun danışmağa sözü qalmayıb. Söylədikləri hər şeyin yalan olduğu üzə çıxdı. İndi isə etdikləri yanlışlıqları etiraf edib, ictimaiyyətdən üzr istəməlidirlər. Amma bunu etməyəcəklər. Çünki bu şəxslər başqa dəyərlər üzərindən alətə çevriliblər. Bu yoldan dönməyəcəklər”.
Turan Rzayev
Globalinfo.az














