Bakı və Abşeronda “ölüm dəstələri”: Əsas hədəf uşaqlardır

Abşeron rayonu Qobu qəsəbəsində azyaşlının köpəklərin hücumuna məruz qalaraq ağır xəsarətlər alması sahibsiz itlərlə bağlı məsələni yenidən aktuallaşdırdı.

İctimaiyyət tərəfindən böyük narahatlığa səbəb olan vəziyyətin qarşının alınması üçün hansı tədbirlərin görülüb-görülməyəcəyi isə sual doğurur.

Globalinfo.az-a danışan sosioloq Elçin Bayramlı qeyd edib ki, bu kimi hadisələrin qarşısının alınması üçün lazımi tədbirlər görülmür:

“Heç bunun üçün müvafiq şərait də yoxdur. İnsanlar heyvanların yaşayış arealını tamamilə zəbt edib. Hər şeydən məhrum qalan heyvanlar vəhşiləşib quduzlaşmağa başlayır. Hətta insana da hücum edirlər. Əgər ölkədə bu problemin həlli qaydası məlum deyilsə, digər ölkələrdən nümunələr götürülməlidir. Hesabatlarda müəyyən tədbirlərin görüldüyü qeyd edilsə də vəziyyət olduğu kimi qalır. “Toplan”da küçə itləri qısırlaşdırılır, müalicə olunur və buraxılırdı. Bunu daha da geniş formada etmək lazımdır. Ümumiyyətlə küçə heyvanları ilə əlaqədar xüsusi idarə yaradılmalıdır.

Heyvanları məhv etmək əvəzinə onların normal təbii həyatını təmin etməyə çalışmalıdırlar”.

Milli Məclisin deputatı Fazil Mustafa isə qeyd edib ki, sözügedən məsələlər insan həyatı ilə bağlı olduğu üçün istənilən vaxt müzakirəyə çıxarılır:

“Milli Məclis deyil, cəmiyyət səviyyəsində bu kimi məsələlər ictimailəşdirilməlidir ki, konkret tədbirlər görülsün. Bununla məşğul olan müvafiq orqanlar var. Öz vəzifə borclarını yerinə yetirib müəyyən addımlar atmalıdırlar. Əks halda bu, insanların həyatına çox böyük zərər verəcək”.

Safura Bənnayeva
Globalinfo.az