Son vaxtlar Azərbaycan təhsil ocaqlarında baş verən xoşagəlməz olaylar cəmiyyətdə böyük narahatlıqla qarşılanır. Əsasən şagirdlərin, zaman-zaman da müəllimlərin yer aldığı bu hadisələr bəzən tərəflərdən birinin və ya hər ikisinin zərər çəkməsi ilə yekunlaşır. Bir qədər əvvəl Bakıda 25 nömrəli məktəbdə müəllimin şagirdlərə psixoloji təzyiq göstərib cəzalandırması da ictimaiyyətdə etirazla qarşılanıb.
Sözügedən məsələlərlə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, şagirdin fiziki şəkildə cəzalandırılması yolverilməzdir:
“Qanunvericilikdə belə bir şey yoxdur. Müəllimlərin uşaqlara tətbiq etdiyi cəza növlərinə baxanda gördüm ki, hətta Hitler Almaniyasında hərbi əsirlərə belə bu cür şiddətli işgəncələr verilmirdi. Görün, təhsil nə qədər bərbad hala düşüb ki, müəllim rahatlıqla birinci sinif şagirdinə deyir ki, “səni ayaqyoluna getməyə qoymayacam”. Təsəvvür edin, bu, dünyada görünməmiş ən ağır işgəncə növü hesab olunur. Hətta bunu yetkin insana tətbiq etmək də ağır cəza hesab olunur”.
Ekspert qeyd edib ki, mövcud qanunvericiliyin tələblərinə görə, şagirdlərə ev tapşırığı verilməməlidir:
“Dərs məktəbdə izlənməli və işlənməlidir. Amma görünən odur ki, hazırda müəllimlər öz vəzifələrini yerinə yetirə bilmirlər. Təbii ki, baş verənlər xoşagələn deyil. Uşaqlara qarşı hər hansı bir cəza növünün tətbiq edilməsi yolverilməzdir! Burada söhbət həm fiziki cəzadan, həm də dərsə hazırlıqsız gəldiyi üçün küncdə saxlanılmaqdan gedir. Bu, birbaşa uşaqlara qarşı bullinqdir.
Şagirdləri digər həmyaşıdlarının qarşısında alçaltmaq olmaz! Belə hallar tədrisin təşkilində ciddi nöqsanların olduğunu göstərir. Təbii ki, şagird ev tapşırığına hazırlıqsız və ya zəif hazırlaşmış gələ bilər. Bu zaman onunla fərdi işləmək lazımdır, cəza vermək yox!”
Zaira Akifqızı
Globalinfo.az














