Bir neçə ildir dəniz səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintiləri müvəqqəti dayandırılıb.
Son günlər yerli media və sosial şəbəkələrdə Bakı bulvarında “Mirvari” gəmisinin yenidən görünməsinə dair fotolar yer alıb. Bu, gəmi gəzintilərinin nə zaman bərpa olunacağı ilə bağlı sualı yenidən gündəmə gətirib. Həmçinin gəzinti üçün qiymətlərin müəyyən olunub-olunmaması da maraq doğurub.
Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Bizim.media-ya gəmi gəzintisi üçün son hazırlıq işlərinin görüldüyünü bildirib:
“Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı. Dənizin müəyyən hissələrində dərinliyinin ölçülməsi işləri aparıldı və buna uyğun olaraq yeni, təhlükəsiz marşrut xətləri müəyyənləşdirildi.
Eyni zamanda “Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri görüldü. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Hazırlıq yekunlaşdıqdan sonra qiymətlər və güzəştlər barədə məlumat veriləcək”.














