Qərb kinosunun ulduzu hesab olunan Alen Delonun vəfatından sonra ictimaiyyətdə müzakirələr yarandı. Onu görünüş baxımından Azərbaycanın xalq artistləri Rafael Dadaşov və Rasim Balayevlə müqayisə etdilər. Bir qisim insan isə Alen Delonun yeganə üstün cəhətinin sadəcə dünya miqyasında tanınması olduğunu qeyd edirlər.
Bu nə qədər düzgün müqayisədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan kino mütəxəssisi Nəcəf Əsgərzadə deyib ki, zahiri cəhətdən aktyorlar arasında oxşarlıq ola bilər, lakin müqayisə oynadıqları rola görə aparılmalıdır:
“Müqayisəni rola görə aparmazdan əvvəl həmçinin Alen Delon ilə Rafael Dadaşov və Rasim Balayevin yaşadığı ölkəni, sistemi nəzərə almalıyıq. Delonun imkanları daha geniş idi. Rasim Balayev bizim yaddaşımızda Nəsimi, Babək, Beyrək rolları ilə qalıb.
Nəcəf Əsgərzadə
Rafael Dadaşov isə kinoda Rasim Balayev kimi unudulmaz rol yarada bilməyib. Çünki Rafael Dadaşov kino aktyorundan daha çox teatr aktyoru idi. Özüm bu aktyoru sonuncu dəfə Qoqolun “Müfəttiş” tamaşasında Antonoviç Skvoznik-Dmuxanovski rolunda görmüşdüm. Gözəl oynayırdı. Rafael Dadaşovu daha da populyarlaşdıran “Bəxt üzüyü” filmindəki Rasim rolu oldu.
İnsanlarımız Alen Delondan danışsalar da, onlardan aktyorun oynadığı filmləri soruşsanız, çoxu filmlərin adlarını çəkə bilməyəcək. Alen Delon insanımızın yaddaşında daha çox yaraşığı, xarizması ilə qalıb. Bir də aktrisa Rommi Şnayder ilə yaşadığı sevgi münasibətinə görə. Amma Alen Delon “Rokki və qardaşları” (rejissor Luçino Viskonti), “Batan Günəş” (rejissor Mikelancelo Antonioni), “Samuray” (rejissor Jan Pyer Melvill) kimi əfsanəvi filmlərdə oynayıb”.
Safura Bənnayeva
Globalinfo.az














