Azərbaycanlı namizədin İranın prezidenti seçilmək şansı artdı – 2 gün sonra…

İki gün sonra – iyunun 28-də İranda prezident seçkiləri keçiriləcək. Seçkilərdə 6 namizəd iştirak edəcək.

Maraqlıdır, prezident seçkisi necə yekunlaşacaq? Kimin şansı çoxdur? İran yeni dönəmə yeni prezidentlə uğurla girə biləcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, kimin prezident olacağını indidən demək çətindir:

“Həm Məsud Pezeşkiyan, həm də Səid Cəlilinin şansları yüksəkdir. Hər ikisinin qalib gəlmək ehtimalı var. Bunu seçkilər göstərəcək. Amma kimin seçilməsindən asılı olmayaraq İranda iqtisadi vəziyyəti düzəltmək çox çətindir. Ölkənin ciddi sosial, iqtisadi problemləri var. Sanksiyalar davam edir. Ölkənin belə ağır şərtlərdə inkişaf etdirmək asan deyil. Yəni kimin seçilməsindən asılı olmayaraq İranda inqilabi dəyişiklik mümkün görünmür”.

Qeyd edək ki, İran Tələbələrin Sorğu Agentliyi (ISPA) gözlənilən prezident seçkiləri ilə bağlı 22-23 iyun tarixlərində ölkə daxilində sorğu keçirib. Sorğunun nəticələrinə əsasən namizədlər arasında islahatçı Məsud Pezeşkiyan 24,4 faizlə birinci, reytinqi getdikcə azalan mühafizəkar Səid Cəlili 24 faizlə ikinci, mühafizəkar namizəd Məhəmməd Bakır Kalibafın isə 14,7 faizlə üçüncü yerdə olub.

Seçkidə iştirak edəcək namizədləri bir daha xatırladırıq:

Mustafa Purməhəmmədi – prokuror və keçmiş ədliyyə naziri, Məsud Pezeşkiyan – parlamentin deputatı, keçmiş səhiyyə naziri, Əlirza Zakani – Tehran meri, Səid Cəlili – İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi, Məhəmməd Baqir Qalibaf – parlamentin hazırkı sədri,Seyid Əmir Hüseyin Qazizadə Haşimi – parlament sədrinin keçmiş müavinidir.

Safura Bənnayeva
Globalinfo.az