Azərbaycanlı namizədi gözdən salmağa çalışan SEPAH bu addımı atır

Sabah-iyunun 28-də İranda prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak edəcək 6 nəfər arasında namizəd Məsud Pezeşkiyan sürətlə irəliləyir. Onun seçiləcəyi proqnozlaşdırılır. Dünən Təbrizdə möhtəşəm mitinq keçirib. İranda ilk azərbaycanlı prezident kimi tarixə düşə bilər.

Onun prezident olması İrana nə vəd edir? Seçkiyə 1 gün qalmış nə baş verə bilər? SEPAH Pezeşkianı zərərsiləşdirə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İranda növbədənkənar prezident seçkisinin keçirilməsinə artıq saatlar qalıb:

Əlimusa İbrahimov

“Namizədlərdən hansının qələbəyə daha yaxın olduğunu söyləmək hələ də çətindir. Amma bizi maraqlandıran və prezident kimi görmək istədiyimiz heç şübhəsiz Məsud Pezeşkiyandır. Onun dünən Təbrizdə keçirdiyi möhtəşəm görüş seçiləcəyinə olan ümidimizi daha da artırdı. Məsud Təbriz azərbaycanlısıdır və ömrünün demək olar ki, bütün hissəsini Təbrizdə keçirib. Əlində imkan olan kimi o Təbrizə, Təbriz əhlinə və bütün Azərbaycana xidmətini göstərəcək. Onun prezident olması İranda yaşayan digər xalqlarla yanaşı azərbaycanlılar üçün də faydalı olacaq.
Digər səbəb isə həkim siyasətçinin islahat tərəfdarı olmasıdır. Çünki mühafizəkar prezidentlərdən son onilliklər həm İran xalqı , həm də beynəlxalq münasibətlər yetərincə ziyan görüb”.

Politoloqun sözlərinə görə, Məsud Pezeşkiyanın seçkilərdə qalib gəlmək şansı var:

“Çünki 35 -40 milyonluq Azərbaycan əhalisi, üstəkil, İran əhalisinin 70 faizini təşkil edən islahat tərəfdarları məhz bu namizədə səs verəcəklərini artıq açıqlayıblar. İş o yerə çatıb ki, keçmiş İran Prezidenti Həsən Ruhaninin ifadə etdiyinə görə, namizədlər Əlirza Zəkani və Əmir Hüseyin Qazizadə debatlar zamanı Pezeşkiyanı gözdən salmaq üçün SEPAH tərəfindən seçkilərə buraxılıblar. Deməli, Təbrizdən olan azərbaycanlı namizədin prezident seçilməsi SEPAH tərəfindən arzuedilməz kimi qiymətləndirilir. SEPAH-ın bu canfəşanlığı bizim də arzuladığımız namizədin xeyrinə işləyə bilər.

SEPAH-ın əslən azərbaycanlının prezident seçilməsinə qarşı olması göz önündədir. İndiki halda bu təşkilat Məsud Pezeşkiyanın prezident seçilməsinə bu və ya digər vasitələrlə mane ola biləcəkmi? Düşünürəm ki, artıq gecdir. SEPAH Məsudun qarşısını dünənki Təbriz mitinqinə qədər ala bilmədisə, bundan sonra heç mümkün olmayacaq. Məsud Pezeşkiyan onu istəməyənlərin cəhdlərinə baxmayaraq İran prezidenti seçiləcək. Prezidentliyə aparan yolun qarşısına çıxanları Təbriz seli süpürüb atacaq”.

Qeyd edək ki, İran mediasının yaydığı məlumata görə, prezidentliyə 6 namizəddən biri – İranın vitse-prezidenti, mühafizəkar siyasi cərəyana mənsub Seyid Əmir Hüseyn Qazizadə Haşimi namizədliyini geri götürüb.

 

Safura Bənnayeva
Globalinfo.az