İran rəsmisinin sərhədimizdə gözlənilməz mesajı

İran rəsmisinin sərhədimizdə gözlənilməz mesajı

Avqustun 8-də İran Silahlı Qüvvələrinin Ədliyyə Təşkilatının rəhbəri Əhmədrza Purxaqan İran-Azərbaycan sərhədinin Nəmin bölgəsinə baş çəkib. Ordu rəsmisi ölkə sərhədçilərinin İranın müdafiəsinə hazır olduğunu vurğulayıb. O, Azərbaycanla sərhədi “dostluq və qardaşlıq sərhədi” adlandırıb.

Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, İran tərəfindən belə isti mesajların verilməsi müsbət dinamikadır:

“Digər tərəfdən İranın bu sözlərdə nə qədər səmimi olduğu məsələsi var. Aydın məsələdir ki, İran öz siyasətini dəyişmir. Yəni bir yandan Əhmədrza Purxaqan Azərbaycanla sərhədi “dostluq və qardaşlıq sərhədi” adlandırır, digər tərəfdən İranın ali dini lideri Əli Xamenei Zəngəzur dəhlizi ilə bağlı erməni maraqlarına xidmət edən açıqlama verir.

İranın bugünkü siyasəti hələ də rəsmi Bakını qane etmir. Zəngəzur dəhlizinin dalana dirənməsinin əsas səbəbi İrandır. Unutmayaq ki, İran bu günə qədər dəfələrlə sərhədimizdə təlim keçirib, bizə hədə-qorxu gəlib. Tehranın bu mövqeyi həm də Ermənistanı cəsarətləndirir.

İran rəsmisinin sərhədimizdə gözlənilməz mesajı

Əhəd Məmmədli

Yenə də Rəisinin və Abdullahianın dövrü ilə müqayisədə Pezeşkianın dövrü daha mülayim və yaxınlaşma elementləri ilə müşahidə edilir. Amma bütün hallarda Tehrana güvənmək üçün çox tezdir”.

Turan Rzayev
Globalinfo.az