“Rusiyanın Azərbaycana qarşı ən böyük təhdid elementi keçmiş Dağlıq Qarabağ münaqişəsi idi”.
Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu keçmiş Dağlıq Qarabağ münaqişəsinin bitməsindən sonra Rusiyanın Azərbaycana ehtimal təzyiq elementləri haqda danışarkən deyib.
O bildirib ki, 90-cı illərdə Qarabağ münaqişəsinin alovlanması, erməni işğallarının geniş vüsət alması Rusiyanın Azərbaycana təzyiqlərini artırdı:
“Rəsmi Moskva 30 illik işğal dövründə prosesi süni şəkildə uzadaraq bundan təzyiq elementi kimi istifadə etdi. Ermənistan və Gürcüstan da məlum münaqişələrə görə Kremlin təzyiqlərinə məruz qaldı.
Lakin xoşbəxtlikdən bu gün Qarabağ münaqişəsi deyə bir şey yoxdur. Ordumuzun keçirdiyi lokal antiterror tədbirləri ilə münaqişənin sonuncu elementləri də aradan qaldırıldı. Bu isə Rusiyanın əsas təzyiq vasitəsinin sıradan çıxması deməkdir.
Hesab edirəm, bütün bunlara baxmayaraq, Rusiya ilə ehtiyatlı olmalı, münasibətləri gərginləşdirməməliyik. Bizim qarşımızda duran əsas məsələ sülhməramlıların ölkədən gedişini təmin etməkdir.
Elxan Şahinoğlu
Bu gün Kremlin Ermənistanda hərbi bazaları var. Abxaziya, Osetiya kimi münaqişələr qalır. Belə olan təqdirdə Rusiyanın Cənubi Qafqazdan getməsi real deyil. Azərbaycan bu proseslərdə çox diqqətli olmalı, Ermənistan-Rusiya gərginliyindən istifadə etməlidir”.
Turan Rzayev
Globalinfo.az














