“İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC 10 fevral 2015-ci ildən, yəni yarandığı gündən Prezident İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda və regionlarda, eləcə də torpaqlarımız işğaldan azad olunandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bir sıra uğurlu layihələrə imza atıb”.
Globalinfo.az-ın Şərqi Zəngəzura ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov deyib.
Onun sözlərinə görə, “Azərişıq” ASC fəaliyyət göstərdiyi 10 il müddətində qazandığı uğurlarla ölkənin dayanıqlı iqtisadi inkişafına və sosial rifahına töhfəsini verib:
“Müasir texnologiyalar və ən son innovativ yeniliklərin tətbiqi qurum tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yüksəltməklə yanaşı, həm də vətəndaş məmnunluğununun artmasına şərait yaradıb.
“Azərişıq” ASC tərəfindən son 10 il ərzində ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, 30 min km-ə yaxın mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb. Həmçinin 700 min köhnə sayğac müasir ölçü cihazları ilə əvəz olunub. Son 10 ildə abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. “Azərişıq” ASC-nin həyata keçirdiyi uğurlu strategiyanın nəticəsində şəbəkənin qoyuluş gücündə də əvvəlki illərlə nisbətdə xeyli artım müşahidə olunub. Təkcə ötən 1 ildə bu rəqəm 14 min 400 MVA-dan 14 min 900 MVA-ya yüksəlib”.
Zaira Akifqızı
Globalinfo.az












