
Azərbaycanda bəzi vətəndaşların az, digərlərinin isə çox pensiya alması zaman-zaman müzakirə edilir. Mövcud qanunvericiliyə əsasən, bu məbləğ pensiya kapitallarının həcmi ilə müəyyənləşir.
Vətəndaşlar daha çox pensiya almaq üçün nə etməlidir? Hansı şərtlər xüsusilə nəzərə alınmalıdır?
Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, Sovet dövründə işləyən və sonra pensiyaya çıxan vətəndaşların pensiyaları azdır:
“Gələcəkdə pensiyamızın normal məbləğdə olmasını istəyiriksə, əmək fəaliyyətinin rəsmiləşdirilməsində maraqlı olmalıyıq. Əsasən də bu, minimum maaş həddində ödəniş alanlara aiddir. Məsələn, vətəndaşlar əmək müqavilələrində maaşlarının düzgün ifadə olunmasına diqqət yetirsinlər. Bu, vətəndaşın özündən asılıdır. Düzdür, ölkədə iş tapmaq problemlidir. Ona görə də şəxs məcbur iş verən tərəflə razılaşır. Belə olduğu halda, o, süni azaltmaya gedir. Yəni vətəndaşı minimum əməkhaqqı səviyyəsində işə götürür, əlavəsini də qeyri-rəsmi şəkildə ödəyir”.

Fuad İbrahimov
İqtisadçı bildirib ki, pensiya ödənişinin çox olması yığımdan asılıdır:
“Bu gün vətəndaşların çoxsaylı müraciətləri, narazılıqları əsasında özəl pensiya fondlarının yaradılması düşünülür. Yəni gələcəkdə hər hansı problem yarandıqda, şəxs həyatını itirdikdə pulun ailəsinə çatması mümkün olsun. Artıq bu mexanizmlərin üzərində işləyirlər. Düşünürəm ki, qanunvericilik belə bir dəyişikliyə gedəcək. O zaman başqa vəziyyət yaranacaq. Amma indiki halda pensiyanın çox olmasının yeganə sağlam yolu yüksək maaşın olması və rəsmiləşdirmə zamanı olduğu kimi qeyd edilməsidir. Bu gün vətəndaş 800 manat maaş alırsa, onun 500 manatı rəsmi verilir. Nəticədə vətəndaş da 500 manata uyğun pensiya alır”.
Zaira Akifqızı
Globalinfo.az