Qaradağda palçıq vulkanının aktivliyi dayandı – VİDEO

Qaradağda palçıq vulkanının aktivliyi dayandı - VİDEO

Hazırda Qaradağ rayonundakı Otman Bozdağ palçıq vulkanında baş vermiş püskürmənin aktivliyi dayanıb.

Bu barədə Globalinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən 4 hektar, orta qalınlığı 1,5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir.

Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər.

Xatırladaq ki, Otman Bozdağ BakıAbşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxildir. Azərbaycanın aktiv palçıq vulkanlarından hesab edilən təbiət hadisəsində son püskürmə 2018-ci il sentyabrın 23-də qeydə alınıb.

Qaradağda palçıq vulkanının aktivliyi dayandı - VİDEO

***14:17

Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında oktyabrın 11-də püskürmə qeydə alınıb.

Bu barədə Globalinfo.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsindən məlumat verilib.

Bildirilib ki, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.

İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.

Üçüncü faza püskürmə isə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib.

Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul olub.

Qeyd edək ki, vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.

***10:50

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

    “Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.

    Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür”, məlumatda deyilir.

    X X X

    Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında oktyabrın 11-də saat 08:27-də püskürmə hadisəsi qeydə alınıb.

    Globalinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

    “Hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır”, – məlumatda qeyd olunub.