Azərbaycanda niyə bu qədər insan deputat olmaq istəyir? – İlginc səbəb

Milli Məclisə seçkilərin keçiriləcəyi haqda xəbər cəmiyyətin müəyyən qismində aktivlik yaradıb. Seçkiyə hazırlaşan, deputat olmaq istəyən tanınmış şəxslər bu və ya başqa formada öz niyyətlərini bildirirlər.

Maraqlıdır ki, media təmsilçiləri arasında da xeyli şəxs deputat mandatı daşımağa çox həvələnib. Başqa peşə sahiblərində də bu həvəs müşahidə edilir. Bəlkə də Azərbaycan dünyada tək ölkədir ki, orda dəxli olan, olmayan, haqqı çayan, çatmayan əksəriyyət deputat olmaq istəyir.

Siyasətçilərin daha çox iştirak etməli olduğu bu siyasi kampaniya sanki “Arzular-istəklər” verilişidir…

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi, tanınmış jurnalist Heydər Oğuz hər kəsin deputat olmaq istəyini bu vəzifənin verdiyi toxunulmazlıq hüququ ilə əlaqələndirib.

Onun sözlərinə görə, əksər hallarda iş adamları deputat olmaq istəyirlər:

“Onlar deputatlığın gətirdiyi toxunulmazlıq hüququna sığınıb,  işlərini davam etdirmək və böyütmək barədə düşünürlər. Təbii ki, eyni hüquqdan faydalanıb daha yüksək pillələrə qalxmaq istəyən müəllimlər də, elm adamları da var. Zənnimcə, ölkəmizdə inkişaf etməyin qanuni yolları açılsaydı, iş adamı işini, müəllim müəllimliyini, siyasi partiya funksionerləri də xalqın mandatını alıb onun haqqını müdafiə etmək yolunu tutardı. Bu baxımdan, siyasətlə əlaqəsi olmayan şəxslərin deputatlıq zirvəsinə yüksəlmək sevdasına görə onları qınamıram. Hesab edirəm ki, Azərbaycan hökuməti hər kəsin layiq olduğunu almaq yolundakı əngəlləri aradan qaldırmalı və insanlara məşğul olduğu sahədə özünü təsdiq etmək imkanı yaratmalıdır. Buna siyasi ədəbiyyatda fürsət bərabərliyi də deyirlər və demokratik cəmiyyətlərin ən önəmli xüsusiyyətlərindən biri də budur. Digər tərəfdən, təsadüfi adamların öz namizədliklərini irəli sürməsi ehtimalını azaltmaq üçün proporsional seçki sisteminə keçmək lazımdır. Bu sistemə keçilərsə, yalnız siyasi partiya funksionerləri seçkilərdə yarışarlar və nəticədə parlamentdə təmsilçiliyin də keyfiyyəti artar”.

O ki qaldı jurnalistlərin deputat seçkilərində iştirak etmək istəklərinə, Heydər Oğuz bu məsələdə qeyri-adi heç nə görmədiyini bildirib:

“Sirr deyil ki, bu gün jurnalistika ilə məşğul olanlar arasında siyasi təfəkkür adamları az deyil. Onlar ölkələrinin taleyinin dəyişdirilməsində arzuladıqları kimi iştirak edə bilmədiklərindən məcburən yazı-pozu adamına çevriliblər. Qələmə aldıqları yazıları ilə ədalətin bərpasına, demokratiyanın inkişafına töhfə vermək istəyirlər. Təbii ki, onların deputat seçilmək imkanları olsa, öz siyasi mübarizələrini parlamentdə davam etdirərlər, bundan ölkəmiz də qazanar”.

Zaira Akifqızı
Globalinfo.az