Azərbaycanda “müsəlman dostu” hotellər olacaq – “Halal”ı “haram”dan necə ayıraq?

Azərbaycanda "müsəlman dostu" hotellər olacaq - "Halal"ı "haram"dan necə ayıraq?

Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə “halal hotel” sertifikatı veriləcəyinə dair məlumat yayılıb. Bu xəbər ictimaiyyətdə müzakirələrə səbəb olub.

Ümumiyyətlə, “halal” və “haram hotel” anlayışı varmı?

Mövzunu Globalinfo.az-a şərh edən ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, “halal” və ya “haram hotel” anlayışı kökündən yanlış qərardır.

İlahiyyatçı bunun İslam dini ilə əlaqəli olmadığını qeyd edib:

“Bunu nəyə görə belə adlandırıblar, bilmirəm. düşünürəm, başqa ad da vermək olardı. Məsələn, deyə bilərdilər ki, “ölkəmizdə turizm inkişafında müsəlman ölkələri də nəzərə alınır. Etiqadlı, inanclı, ibadət edən və müsəlman olan bir çox insanlar üçün otellər açılacaq, orada halallıq və s. məsələlərinə önəm veriləcək”. Artıq o adamlar biləcəklər ki, həmin hoteldə namazlarını qıla, halal qidalardan istifadə edə bilərlər. Bu da bizim tolerant ölkə olduğumuzu göstərmiş olar. Həm də əhalinin böyük qisminin  müsəlman olmasından dolayı atılan müsbət addımlardan biri olar. Amma “haram” və ya “halal hotel” kimi işə başlamaq doğru addım deyil”.

İlahiyyatçı Əkrəm Həsənovun fikrincə, “Halal hotel” məsələsi bir növ əxlaqsızlığın qarşısını almaqla əlaqədardır:

“Məsələn, adətən, hotellərdə spirtli içkilərin istifadəsinə icazə verilir, yüngül həyat tərzi sürən insanlar ora gələ bilirlər və s. Yəqin “halal” deyilməsinə səbəb odur ki, orada spirtli içkilər olmayacaq, yüngül həyat tərzi sürənlər buraxılmayacaqlar. Ola bilər ki, məhz ailəsi ilə istirahət etməyi planlaşdıran şəxslər həmin hoteldə qala biləcəklər. Bu baxımdan belə bir addım yaxşı olar. Amma çətin məsələdir. Təsəvvür edin, xarici qonaqlar spirtli içki tələb edər, lakin orada icazə verilməz. Belə bir addım da narazılıq doğurar. Lakin İslam dini baxımından gözəl addımdır”.

İlahiyyatçı deyib ki, müsəlmanlar üçün münasib şərait yaradan “halal” hotellər xüsusilə turizm ölkələri olan Malayziya, İndoneziya və Türkiyədə geniş yayılıb:

“Akdeniz Universitetinin Turizm kafedrasının professoru Ömər Tekinin sözlərinə görə, ilk müsəlman dostu olan hotellərin yaradılması 1970-ci illərə təsadüf edir. Lakin bu hotellər 1990-cı illərdə daha da inkişaf edib və xüsusilə 2006-cı ildən qonşu ölkələrdə gənc müsəlmanların fəaliyyətə başlamasından sonra çiçəklənib. Müstəqillik üçün də daha çox səyahət etmək, dünyanı araşdırmaq və Türkiyə kimi ölkələri gənclər üçün önə çıxaran variantlardan biri oldu. “Halal” mehmanxanaları digərlərindən fərqləndirən cəhət müsəlmanlar üçün münasib şərait yaratmasıdır. Məsələn, menyularında donuz əti təqdim etmir, spirtli içkilərdən imtina edir, qadınlara üzmək və ya istirahət etmək kimi xidmətlərdən yararlanmaq üçün xüsusi yerlər təqdim edir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Azərbaycanda "müsəlman dostu" hotellər olacaq - "Halal"ı "haram"dan necə ayıraq?

Zaira Akifqızı
Globalinfo.az