Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə Azərbaycanda taksi qiymətlərinin qalxacağını açıqlayıb. O, bildirib ki, heç bir ölkədə bu qədər ucuz taksi xidməti yoxdur və bu, belə olmalı deyil.
Məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb və müəyyən sualların yaranmasına səbəb olub.
Bəs, bu sahədə monopoliya yaradılır? Qiymətlər nəyə əsasən bahalaşır?
Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırkı qiymətlər reallığa uyğun gəlmir:
“Həqiqətən də Azərbaycanda taksi xidmətində qiymətlərin tənzimlənməsinə ciddi şəkildə ehtiyac var. Nəzərə almaq lazımdır ki, taksi fəaliyyəti bir xidmət sahəsidir, burada hər kəs istədiyi kimi qiymət siyasəti yürüdə bilməz. Bu, monopoliya yaradılması kimi başa düşülməməlidir, sadəcə normal xidmət və keyfiyyətin formalaşması üçün müəyyən addımlar atılır. Qiymətlərin tənzimlənməsi də bu addımlardan biridir, yəni son dərəcə normaldır. Mövcud qiymətlər bugünkü reallığa uyğun gəlmir. Bu sahəyə nəzər saldıqda görürük ki, bəzi xarici şirkətlər haqsız və qeyri-sağlam rəqabət adı ilə qiymətləri indiki səviyyəyə gətiriblər.
Məsələn, bu gün Bakıda bir məsafənin real qiyməti 2 manat 50 qəpikdir, amma özəl şirkətlərdən, yaxud operatorlardan hansısa biri ona 1 manat 75 qəpik təyin edir. Sual yaranır: bu, sürücüyə necə bir fayda verir? Ona bir gün ərzində 18, 20, 25 gedişin həyata keçirilməsi üçün bonus veriləcəyi deyilir, düzgün deyil. Sürücü normal işləyib, ona uyğun şəkildə gəlir əldə etməlidir. Şirkətlərin bu sistemi sürücüləri nəyin bahasına olursa olsun, bonus üçün çox gediş etməyə vadar edir. Nəticədə isə qəzalar, qayda pozuntuları baş verir, sürücü-sərnişin münasibətlərində xoşagəlməz hallar yaşanır. Ona görə də qiymətlər normal tənzimləndikdə və nəzarət mexanizmi gücləndikdə sürücülərin konkret iş və istirahət rejimləri təyin olunur. Bütün peşələrin iş rejimi var, amma taksi sürücülərinin yoxdur. Axı, normal gəliri olmayan, əlavə qazanc əldə etməyə çalışan sürücü də əziyyət çəkir. Onun yuxusuz qalması, yorğun olması isə qəzalara yol açır”.
Elməddin Muradlı
“Bütün taksi şirkətlərinin qarşısına eyni tələb qoyulub. Əsas hədəf qiymətlərin tənzimlənməsi, taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsi, sərnişin məmnuniyyətini təmin etməkdir. Bu gün çox maraqlı bir halla üz-üzəyik. Sürücülər də, sərnişinlər də taksi xidmətindən narazıdırlar. Dövlətin əsas hədəfi bu sahədə problemlərin qarşısını almaqdır. Taksi sayının bu qədər çox olması xüsusilə Bakı üçün xarakterik deyil” – deyə, ekspert bildirib.
Ayşən Mustafa
Globalinfo.az














