Separatçı rejim Xankəndində hərbi vəziyyət elan etməklə erməni əhali üzərində nəzarəti gücləndirib. Burada demokratik hüquqlar, təsisatların fəaliyyəti məhdudlaşdırılıb.
Xatırladaq ki, separatçıların başçısı Araik Arutunyan “hərbi vəziyyətdə bir sıra tədbirlər” adlı “qərar” qəbul edib. Bu qərara görə, Qarabağda hərəkət, toplaşmaq azadlığı məhdudlaşdırılır, separatçı rejimə qarşı təbliğat dərhal cəzalandırılacaq, xüsusi obyektlərin qorunması gücləndirilir və s.
Göründüyü kimi Qarabağda separatçılar tərəfindən erməni əhaliyə qarşı humanitar böhran yaradılıb.
Araşdırmaçı jurnalist, analitik Asif Nərimanlı Globalinfo.az-a bildirib ki, separatçılar ordakı erməni əhalinin təhlükəsizliyinin təmin edilməsi adı altında hərbi vəziyyət elan ediblər, amma aksiyaların davam etməsi erməni əhalinin fikrini dəyişdirəcək:
“Çünki nə qədər separatçı rejim olsa da, əhali daha normal yaşamaq istəyir. Bütün bu problemlərdən xilas olmaq üçün yeganə seçim Azərbaycan vətəndaşlığını qəbul etməkdir. Bunun qarşısını alan separatçı rejim və rus sülhməramlılardır.
Dünən hərbi vəziyyətin elan edilməsi ilə bağlı operativ qərargahın yaradılması, Vardanyanın ora rəhbər seçilməsi separatçı rejimin narahatlığını göstərir. Onlar anlayır ki, Azərbaycana müraciətlər artacaq. İndiyədək Azərbaycan hüquq müdafiəçilərinə edilən müraciətlər göstərir ki, artıq bununla bağlı işartılar var. Müraciət etmək istəyənlərin sayı həddən artıq çox ola bilər, ancaq onlar qorxurlar. Azərbaycanla əlaqələrin yaradılmasını separatçı rejim “casusluq fəaliyyəti” adı altında cəzalandırır. Amma bu cür müraciətlərin olması bunu etməkdən çəkinənlərin də cəsarətlənməsinə səbəb ola bilər”.
A.Nərimanlının sözlərinə görə, bu prosesdə Azərbaycan iki istiqamətdə addım atmalıdır:
“Birincisi, ermənilərə hansı yardımların ediləcəyi ilə bağlı müraciət etməlidir. Həmçinin bu cür müraciətlər sosial medianın erməni seqmentində yayılmalıdır ki, digərləri də görüb, bu yola baş vursunlar.
Digər tərəfdən, həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq hüquqa uyğun oradakı erməni əhalisinin separatçı rejimin təsiri altında olduğu məsələsi aktuallaşdırılmalı, onların təhlükəsizliyinin risk altında olmasına dair faktlar ortaya qoyulmalıdır. Bu həm beynəlxalq təşkilatlarda, həm də Qarabağ prosesində vasitəçilikdə iştirak etmək istəyən ölkələr qarşısında qaldırılmalıdır. Qanunsuz rejimin ləğv edilməsi həm beynəlxalq hüquqa uyğundur, həm də Azərbaycan qanunvericiliyinə görə. Rəsmi Bakı müxtəlif yollarla öz suveren ərazisinə müdaxilə edib, oradakı əhalinin təhlükəsizliyini qorumaq məcburiyyətindədir”.
A.Nərimanlı hesab edir ki, bu istiqamət ilk olaraq siyasi və informasiya sahəsində aktuallaşdırılmalıdır:
“Separatçı rejim təkcə əhalini təzyiq altında saxlamır, həm də görünür, informasiya blokadası yaradıb. Biz bu informasiya blokadasının yarılmasına nail olmalıyıq. Azərbaycan öz ərazisindəki vətəndaşlarını bu cür qeyri-humanitar addımlardan, təzyiqlərdən, blokadadan qurtarmaq üçün istənilən vaxt əməliyyat keçirə bilər. Dövlətimiz bu cür müdaxilə hüququnu özündə saxlayır. Məsələni beynəlxalq səviyyədə qaldırmalıyıq və bunu davamlı olaraq aktual saxlamalıyıq”.
Qeyd edək ki, artıq Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Bakı ilə əlaqə saxlamaları üçün “Qaynar xətt” yaradılıb.
Gülnar Səlimova
Globalinfo.az














