Azərbaycan tarixində ilk! – Seçkidə heç bir namizəd bu vədi verməyəcək

İyunun 28-də Milli Məclis buraxıldı. Növbədənkənar seçkilər 2024-cü il 1 sentyabr tarixinə təyin olundu.

Müstəqillik tarixində ilk dəfə olaraq parlament seçkiləri işğaldan azad edilən ərazilərdə keçiriləcək. Bununla belə bəzi suallar yaranır:

İşğaldan azad edilən ərazilərdə seçkilər necə keçiriləcək? Qarabağa və Şərqi Zəngəzura köçürülən vətəndaşlar burada səs verəcək? Hələ köçürülməyən vətəndaşlar hansı seçki məntəqələrində iradələrini ifadə edə biləcəklər?

Globalinfo.az – a danışan deputat Hikmət Babaoğlu deyib ki, ölkəmizdə keçirilən hər bir seçki demokratik hadisədir:

“VII çağırış seçkilərin keçirilməsi yaddaqalan hadisə kimi tarixə düşəcək. Bu seçkinin Azərbaycan parlamentarizm tarixinə yazılmasının bir digər səbəbi də ilk dəfə bütün inzibati ərazilərimizdə keçiriləcək olmasıdır.

Hikmət Babaoğlu

Bu seçkilər daxil olmaqla, bundan sonra vətəndaşlarımız işğaldan azad edilən ərazilərdə səs verə biləcək. Yəni məcburi köçkünlər ata-baba yurdlarında – Laçında, Ağdamda, Ağdərədə, Əsgəranda və digər ərazilərdə səs verəcəklər.

Bundan başqa, VII çağırış seçkilərində partiyalar, onların namizədləri torpaqlarımızı işğaldan azad etmək, məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmaq sözü vədi verməyəcək. Hesab edirəm, bu və digər məqamlar növbədənkənar parlament seçkilərini yaddaqalan edəcək”.

Turan Rzayev
Globalinfo.az