Paşinyan üçün qərar vaxtı yetişdi – Ya sülh imzalayacaq, ya da…

Ermənistan çarpaz müdaxilə altındadır: kilsə, diaspor, xaricdəki havadarlar, daxildəki rəqiblərin Paşinyan hakimiyyətinə təzyiqi bunu deməyə əsas verir. Təbii ki, bu sırada erməni kilsəsi xüsusi təsir gücünə malikdir. Hətta kilsənin Ermənistanın Azərbaycanla sülh bağlamasına qarşı olduğu bildirilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Paşinyan administrasiyası üçün vəziyyət kənardan göründüyü qədər də qəliz deyil:

“Vəziyyəti qəlizləşdirən elə məhz Paşinyanın özüdür. Çünki Ermənistanın hazırkı hərbi-siyasi elitası və ümumilikdə erməni cəmiyyətində kəskin qarşıdurmaların davam etdiyi bir məqamda sülh müqaviləsinin imzalanması Paşinyanın hakimiyyəti əleyhinə çıxışları yenidən alovlandıra bilər. Xüsusilə Rusiya ilə münasibətlərin gərgin olduğu bir mərhələdə bu ehtimal daha təhlükəli olar. Ona görə də Paşinyan bu gün sülh və hakimiyyət zəmanəti arasında seçim edə bilmir.

Aytən Qurbanova

Azərbaycan Paşinyan administrasiyasının qeyri-konstruktiv mövqeyinə münasibətdə hər zaman təmkinli və praqmatik addımlar atıb. İndiki məqamda Ermənistan üçün qərar vermək vaxtıdır. Ya qətiyyətli iradə nümayiş etdirərək Cənubi Qafqaz uğrunda maraqların toqquşmasında alət olmaqdan xilas olacaq, ya da Qərb-Rusiya qarşıdurmasında növbəti mübarizə meydanına çevrilib məhv olacaq”.

Turan Rzayev
Globalinfo.az