Ermənistanda ağrılı konstitusiya dəyişikliyi – O maddə çıxarılacaqmı?

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır, lakin ona mane olan məqamlar var. Xüsusən Ermənistan konstitusiyasında Türkiyəyə ərazi iddiaları, qondarma “soyqırımı” məsələsi əsas faktorlardır.

Maraqlıdır, Nikol Paşinyan konstitusiyadakı məlum bəndi çıxaracaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, Azərbaycanı razı salmalıdır:

“Paşinyanın Azərbaycanı görməzdən gələrək birbaşa Türkiyə ilə münasibətlər qurmaq istədiyinə inanmıram. Hətta istəsə belə, uğursuz olacaq, çünki İrəvanın Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq prosesi paralel inkişaf edir. Xatırladım ki, Ermənistan-Türkiyə münasibətlərinin bərpası məhz İkinci Qarabağ müharibəsi nəticəsində, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra mümkün oldu.

Kənan Novruzov

Fikrimcə, İrəvan nala-mıxa vurmaq siyasəti yeritsə də, regional əməkdaşlığın alternativinin olmadığını anlayır. Gələcəkdə Ermənistan konstitusiyasında dəyişiklik olması istisna deyil, çünki buradakı ərazi iddiaları normallaşma prosesinə mane olacaq. Amma əlbəttə, konstitusiya dəyişikliyi kifayət qədər ağrılı prosesdir. Bunun üçün Paşinyandan güclü siyasi iradə tələb olunur. Ermənistan hakimiyyəti hələ buna hazır deyil”.

Turan Rzayev
Globalinfo.az