Bakı və Tehran necə bir araya gəldi? – 3 narahatlıq aradan qalxdı

Bakı və Tehran necə bir araya gəldi? - 3 narahatlıq aradan qalxdı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında quru və dəmir yolunun bərpası istiqamətində artıq İranla ilkin təmaslara başlanılıb” dedi. Prezidentin köməkçisi qeyd edib ki, bu istiqamətdə səlahiyyətli nazirlər tərəfindən işlər aparılmaqdadır:

“Zəngilanda, Ağbənddə Araz çayı üzərində tikiləcək körpülərlə İran ərazisinə, oradan da Naxçıvana keçmək üçün quru və dəmir yolu xətlərinin tikintisi davam etdirilir”.

Bu, Azərbaycanın başda ABŞ olmaqla, Ermənistanın dəstəkçilərinə tutarlı cavabıdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, İran Zəngəzur dəhlizinə bir neçə məsələyə görə etiraz edirdi:

1. İranın Ermənistanla sərhədinin təhlükə altına düşməsi;

2. NATO-nun Türkiyə vasitəsilə Cənubi Qafqaza daxil olması;

3. Türkiyənin İranı Cənubi Qafqazdan sıxışdırıb çıxarması;

Bakı və Tehran necə bir araya gəldi? - 3 narahatlıq aradan qalxdı

Kənan Röşənoğlu

Tehran adətən ilk iki versiyanı açıq səsləndirir, üçüncünü isə üstüörtülü qeyd edirdi. Ancaq Cənubi Qafqazda situasiya dəyişib. Azərbaycan Türkiyə və Rusiya ilə əlaqələrini möhkəmləndirib və bu iki dövlət İrana müəyyən zəmanət veriblər. Başqa sözlə, indi regionda yeni bir ittifaqın təməlləri atılır. Söhbət Türkiyə, İran, Rusiya və 3 Cənubi Qafqaz ölkəsinin əməkdaşlıq formatından gedir.

Bu əməkdaşlıq formatı bölgəyə kənar qüvvənin daxil olmasının qarşısını almaq, problemləri regional əməkdaşlıq formatında həll etmək və əməkdaşlığı dərinləşdirməkdir. Azərbaycan buna razıdır, göründüyü kimi, bu format İranı da qane edir. Bu səbəbdən də İranla mövcud anlaşmazlıqlar aradan qalxdı.

Təbii ki, İran Türkiyənin Qafqaz və Orta Asiya ilə geniş əməkdaşlığına mane olmayacaq və bu, Tehran üçün ciddi problem təşkil etmir. Bu səbəbdən hələlik, belə demək olarsa, 3+1 formatında anlaşılıb. Digər iki Cənubi Qafqaz respublikasının (Gürcüstan, Ermənistan) bu formata qoşulması və ya dəstəkləməsi qalır. Əgər bu anlaşma alınsa, region ölkələri kənar müdaxilə olmadan problemləri həll edə, o cümlədən, Ermənistan və Azərbaycan arasında sülh sazişini imzalaya biləcək”.

Turan Rzayev
Globalinfo.az