Azərbaycan diasporu müdafiə xarakterli tədbirlərdən hücum taktikasına keçməlidir

Qloballaşan dünya sistemində dövlətlər arasında gedən inteqrasiya prosesi diaspor və lobbi təşkilatlarının üzərinə böyük öhdəlik qoyub. Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, eləcə də KİV-ləri ilə əlaqələrin qurulması yönündə böyük işlər görülüb.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan diasporunun fəaliyyəti maraq doğurur. Belə ki, İkinci Qarabağ müharibəsindən əvvəl diasporumuzun erməni diasporu ilə müqayisədə zəif olduğu ilə bağlı fikirlər mövcud idi.

Bunun səbəbi nədir? Bəs bu gün Azərbaycan diasporu necə fəaliyyət göstərir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Diaspor  informasiya mərkəzinin rəhbəri Toğrul Allahverdili deyib ki, Azərbaycan diasporu İkinci Qarabağ müharibəsindən sonra qismən aktivlik nümayiş etdirir:

“Azərbaycan diasporu müharibədən əvvəlki vaxtlarla müqayisədə indi daha məğrur, potensiallı görünür. Lakin Azərbaycan diasporu daha çox iş görməlidir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan diasporunun ən böyük uğuru Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada keçirilən V qurultaydır. Bu, disaporumuzun üzərinə böyük məsuliyyət qoydu. Bununla da inkişaf mərhələsi başladı. Azərbaycan diasporu müdafiə xarakterli tədbirlərdən hücum taktikasına keçməlidir. Artıq torpaqlarımız işğaldan azad edilib, ərazilərimiz üzərində suverenliyimiz bərpa edilib, ərazilərimizə böyük qayıdış başlayıb.

Azərbaycan diasporu Prezident İlham Əliyevin daxili və xarici siyasəti ilə uzlaşmalıdır. Hazırda görülən işlər yetərli deyil. Diaspora öz üzərinə düşən məsuliyyəti dərk edərək aktivlik göstərməlidir”.

Toğrul Allahverdilinin sözlərinə görə, Qərbdə erməni diasporunun güclü, Azərbaycan diasporunun isə zəif olduğunu demək yanlışdır:

“Azərbaycan diasporasının çatışmazlığı var. Lakin bu o demək deyil ki, Qərb və Avropada erməni diasporunun güclü olması bizim diasporun zəifliyindən irəli gəlir. Rəsmi Bakıya qarşı ikili standartlar hökm sürür. Fransa, ABŞ kimi ölkələr Azərbaycana təzyiq vasitəsi kimi hər zaman erməni diasporasından istifadə ediblər. Fransanın bir qrup ictimai xadimi prezident Emmanuel Makrona müraciət edərək fransız hərbiçilərinin Qarabağa yerləşdirilməsini tələb etmişdilər. Erməni diasporu, lobbisi illərdir Avropada söz sahibidir. Azərbaycan diasporu da öz növbəsində Avropada və digər ölkələrdə lazımi qədər fəaliyyət göstərir. Erməni diasporunun güclü olmasının əsas səbəbi Ermənistanın diaspor ölkəsi olmasıdır. Buna görə də söz sahibi diaspora və erməni kilsəsidir.

Azərbaycan diaspor dövləti deyil, dünyada söz sahibidir.

Fransa və digər Avropa ölkələri erməni diasporuna dəstək verirlər. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınların qarşısı alınmadı, cəza tədbirləri görülmədi. Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli təhqir edildi. Fransa bunun səbəbkarlarını da tapmadı. Görünür, bu gün erməni diasporunun süni şəkildə güclənməsində maraqlı olan qüvvələr var”.

T.Allahverdili qeyd edir ki, Avropada onlarla güclü Azərbaycan diaspor təşkilatları var:

“Azərbaycan lobbisi, icmaları, diasporu fəaliyyətini düzgün şəkildə qurub. Yəni diasporumuzun zəifliyi fəaliyyətsizliyimizdən irəli gəlmir. Bunun başlıca səbəbi rəsmi Bakıya qarşı ikili standartların olması, müsəlman, türk olmağımızdan qaynaqlanır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Safura Bənnayeva
Globalinfo.az