44 günlük savaşdan əvvəl Ərdoğan Putinə demişdi ki… – Politoloq

“Azərbaycan Qarabağda antiterror əməliyyatını Türkiyənin siyasi dəstəyi ilə uğurla həyata keçirdi. Rusiya Ukrayna müharibəsində zəifləməsəydi, belə bir əməliyyata imkan verməyəcəkdi. Rəsmi Moskva Türkiyə və Azərbaycanla əlaqələri böhranlı vəziyyətə gətirməmək üçün neytral qaldı. Bu ölkəyə tətbiq edilən sanksiyalar Kremli Türkiyə ilə siyasi-iqtisadi əlaqələri inkişaf etdirməyə sövq edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

“Türkiyə regional güc olaraq beynəlxalq nizamın formalaşmasına təsir edir. Yaxın Şərq və Cənubi Qafqaz Rusiyanın deyil, Türkiyənin siyasi diktəsi ilə şəkillənir. Son dörd il ərzində Türkiyə Cənubi Qafqazda Rusiyanı neytrallaşdıra bildi. Çünki Türkiyənin beynəlxalq müstəvidə mövqeyinin güclənməsinə və regional güc olmasında Cənubi Qafqazın müstəsna yeri var.

Əgər Azərbaycan öz ərazilərini işğaldan azad etməsəydi, bu, mümkün deyildi. Məhz antiterror əməliyyatının keçirilməsi proseslərin məntiqi nəticəsi idi. Ankara Kremlə imkan verməzdi ki, Cənubi Qafqazda başlayan geosiyasi nizamı Qarabağda tormozlasın. Ona görə də bu əməliyyat Türkiyə və Azərbaycan tandeminin birgə hərəkəti ilə Rusiya-İran tandemini küncə sıxışdırdı.

Məhəmməd Əsədullazadə

Azərbaycanın bu qələbəsi və separatizmə son verməsi Cənubi Qafqazda yeni geosiyasi şərtlər yaradacaq. Proseslər Ermənistanla sülhə, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması ilə nəticələnəcək. Rusiya və İranın birgə hərəkəti isə bloklandı.

Qeyd edim ki, İkinci Qarabağ müharibəsindən əvvəl Rusiya və Türkiyə liderləri arasında keçirilən görüşdə Kreml Qarabağ məsələsini Ərdoğanla müzakirə etməmişdi. Rusiya Türkiyənin proseslərə qoşulmasına razı deyildi, lakin yekunda bunu qəbul etməyə məcbur oldu”.

Turan Rzayev
Globalinfo.az