AZAL-ın aviabiletlərinin qiyməti təxminən 18% azalıb – Samir Rzayev

Aviasiya sahəsində əlamətdar tarix olan 2 iyun — Azərbaycanın mülki aviasiya işçilərinin peşə bayramı münasibətilə “APA-Economics” “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayevdən müsahibə alıb. AZAL-ın prezidenti söhbət zamanı ötən ilin nəticələri haqqında danışıb və aviaşirkətin 2024-cü ilin əvvəlində əldə etdiyi əsas nailiyyətlərindən bəhs edib.

Globalinfo.az həmin müsahibəni təqdim edir:

– Samir müəllim, peşə bayramınız münasibətilə Sizi və Sizin simanızda ölkənin bütün mülki aviasiya işçilərini səmimi qəlbdən təbrik edirəm. Sizə səmərəli fəaliyyətinizdə daha da böyük uğurlar arzulayıram.

– Təbrik və arzularınız üçün təşəkkür edirəm! Biz ölkənin mülki aviasiyasının tərəqqisi və inkişafı üçün çalışırıq. Bizim üçün ən vacibi odur ki, AZAL ilə hər uçuş təhlükəsiz və rahat olsun.

– Ümumilikdə aviaşirkətin 2023-cü il və 2024-cü ilin ilk ayları üzrə fəaliyyətini necə qiymətləndirirsiniz?

– 2023-cü ildə “Azərbaycan Hava Yolları” aviaşirkəti marşrut şəbəkəsinin genişləndirilməsi, tarif siyasətinin optimallaşdırılması və rəqəmsal həllərin tətbiqi istiqamətində bir çox işlər həyata keçirib. Həm Avropa, həm də Asiya üzrə 31 yeni istiqamətin açılması AZAL-ın tarixində ən böyük şəbəkə genişləndirilməsi oldu.

2024-cü ilin yanvar-aprel aylarında aviaşirkət London marşrutu üzrə yeni istiqamətin açılması (Qetvik Beynəlxalq Hava Limanı), Kəraçi şəhərinə birbaşa yeni istiqamətin açılması və Tel-Əvivə uçuşların bərpası ilə bu müsbət tendensiyanı davam etdirib. Bu ilin ilk dörd ayında istiqamətlərin sayı 52-yə çatdırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 istiqamət daha çoxdur.

2023 və 2024-cü illərin yanvar-aprel aylarını müqayisə edərkən aviaşirkətin Tbilisi, Moskva, Ankara, İzmir, Aktau, Dubay, Nyu-Dehli, London, Milan, Praqa, Sankt-Peterburq və s. kimi məşhur istiqamətlərində uçuşların tezliyinin artdığını qeyd etmək olar.

Bundan əlavə, tələbatın artmasına cavab olaraq və sərnişinlərin ehtiyaclarının ödənilməsi üçün 2023-cü ilin ilk dörd ayı ilə müqayisədə 2024-cü ilin analoji dövründə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların tezliyi əhəmiyyətli dərəcədə artırılıb. Keçən ilin yanvar-aprel aylarında Naxçıvan istiqamətində orta hesabla həftədə 40 reys həyata keçirilirdisə, cari ilin eyni dövründə bu rəqəm 55-ə çatıb. Avropa istiqamətləri də daxil olmaqla aviaşirkətin məşhur marşrutları üzrə uçuşlarının tezliyinin artırılması AZAL-ın davamlı uğurlu inkişafını təcəssüm etdirir.

Eyni zamanda, müvafiq dövr üçün uçuşların vaxtında həyata keçirilməsi göstəricisinin (“On-time Performance”) təhlili zamanı da performansda uğurlu nəticə müşahidə edilib. 2024-cü ilin yanvar-aprel ayları üzrə 87% təşkil edən bu göstərici beynəlxalq səviyyədə qəbul olunmuş standartdan 7% yüksək olub. Proaktiv tədbirlər və strateji müdaxilələr vasitəsilə hava şəraiti ilə bağlı çətinliklər və əməliyyat səmərəsizliyi də daxil olmaqla, gecikmələrə səbəb olan müxtəlif amillər uğurla həll edilib. Texnoloji həllərdən istifadə etməklə, əməliyyat proseslərini təkmilləşdirməklə və fövqəladə hallar planlarını həyata keçirməklə biz uçuşları davamlı şəkildə optimallaşdırırıq. Bu təkmilləşdirmə yalnız etibarlılığa olan öhdəliyimizi əks etdirmir, həm də sərnişinlərə daha rahat və daha punktual uçuş təcrübəsi təqdim etmək hədəfimizi vurğulayır.

– Sizcə, 2024-cü ilin yanvar-aprel aylarında AZAL-ın uğurlarına ən çox hansı amillər təsir edib?

2024-cü ilin ilk dörd ayında AZAL-ın uğurlarını bir neçə əsas amillər müəyyənləşdirib. İlk növbədə qeyd edim ki, bu məsələdə strateji planlaşdırma həlledici rol oynayıb. Ötən ildə AZAL-ın sərnişin dövriyyəsinin əhəmiyyətli artımı gələcək inkişaf üçün güclü zəmin yaradıb. 2023-cü ildə marşrut sayının və uçuş tezliyinin artması ilə sərnişin axını 2022-ci illə müqayisədə 30% yüksələrək 2,9 milyon nəfərə çatıb. Beynəlxalq uçuşlarda 46% artım müşahidə olunub, ümumi sərnişin sayı 2,2 milyon nəfərə çatıb. Mövcud tendensiyaları nəzərə alaraq AZAL-ın uzunmüddətli hədəfi 2030-cu ilə qədər bu rəqəmi 5 milyona çatdırmaqdır.

2024-cü ildə də sərnişin sayında sürətli artım dinamikası izlənilir. Belə ki, cari ilin yanvar-aprel aylarında sərnişin daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,5% artaraq 1,104,320 nəfər təşkil edib. 2024-cü ilin yanvar-aprel aylarında beynəlxalq reyslər üzrə aviadaşımaların həcmi 65,5% yüksələrək 902,592 nəfərə, daxili aviadaşımaların həcmi isə 7,1% artaraq 201,728 nəfərə çatıb.

Bu ilin ilk dörd ayında AZAL-ın təklif etdiyi oturacaqların sayı əhəmiyyətli dərəcədə artaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 46% yüksəlib.

Bu ilin yanvar-aprel aylarında yüklənmə faktoru (sərnişin oturacaqlarının tutulma faizi) yüksək səviyyədə müəyyənləşərək 79% təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 73% idi. Aviadaşımalara olan tələbat artımından xəbər verən bu rəqəmlər həm də aviaşirkətin resurslardan səmərəli istifadə etdiyini vurğulayır.

Qeyd edim ki, 2024-cü ilin ilk dörd ayı ərzində “Azərbaycan Hava Yolları” aviaşirkəti 4,843 reys həyata keçirib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 43% daha çoxdur. Aviaşirkətin beynəlxalq marşrutları üzrə xüsusilə yüksək artım müşahidə olunur. Bu ilin yanvar-aprel aylarında uçuşların sayı 2023-cü ilin analoji dövrü ilə müqayisədə 44% artıb.

– Aviadaşımaların həcmində olan artım barədə danışarkən tarif siyasətini də müzakirə etmək vacibdir. Sərnişinlər üçün aviabiletlərin qiyməti ən önəmli məsələlərdən biridir. Ötən ili bu illə müqayisə etsək, AZAL-ın qiymət siyasətində dəyişiklik varmı?

– AZAL səyahətin bütün mərhələlərində yüksək xidmət səviyyəsini təmin edən ənənəvi aviaşirkətlər sırasındadır. Müasir təyyarə parkı və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan davamlı iş AZAL ilə uçuşları sərnişinlər üçün daha da rahat edir. Aviaşirkətin fəaliyyətinin mərkəzində uçuşların təhlükəsizliyi, müntəzəmliyi və dəqiqliyinə əsaslanan müsbət imicin yaradılması istəyi dayanır.

Aviaşirkət müntəzəm olaraq marşrut şəbəkəsini nəzərdən keçirir və sərnişinlərə dünyanın hər yerinə səyahət etmək üçün daha çox imkanlar yaradır.

Daim keçirilən aksiyalar və qiymət siyasətinin optimallaşdırılması AZAL ilə uçuşları geniş müştəri auditoriyası üçün əlçatan edir. Bundan əlavə, qiymət siyasəti dəyişən bazar vəziyyətinə və sərnişinlərin ehtiyaclarına uyğun davamlı olaraq təhlil və düzəlişlərə məruz qalır. Tariflərin optimallaşdırılması strategiyası, bazar dinamikasının təhlili, xidmət keyfiyyətinin yüksəldilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi sayəsində AZAL rəqabətədavamlı beynəlxalq aviaşirkət olaraq qalır və daha çox müştəri cəlb edir.

2024-cü ilin ilk dörd ayında aviaşirkət sərnişinlər üçün daha cəlbedici təkliflərin təqdim edilməsinə yönəlmiş aksiyaların həyata keçirilməsi üzrə uğurlu siyasətini davam etdirib. Bu, AZAL üçün mühüm addımdır. Görülən bütün tədbirlər səyahətləri sərnişinlər üçün daha əlçatan və rahat etməyə imkan yaradır. Məşhur istiqamətlər üzrə aviabiletlərin orta qiymətinin azalması və həyata keçirilən aksiyaların sayının artması aviaşirkətin müştərilərinin ehtiyaclarına cavab vermək və bazarda mövqeyini möhkəmləndirmək istəyindən xəbər verir.

2023-cü ildə məşhur beynəlxalq istiqamətlər üzrə AZAL-ın aviabiletlərinin orta qiyməti azalıb ki, bu da sərnişinlərimiz üçün səyahətlərin əlçatanlığının artmasına töhfə verib. Həmçinin sərnişinlər daha sərfəli şərtlərlə səyahət edə bilsinlər deyə, 14 stimullaşdırıcı aksiya həyata keçirilib.

2024-cü ilin ilk dörd ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə populyar istiqamətlər üzrə AZAL-ın aviabiletlərinin orta qiyməti təxminən 18% azalıb. Bu ilin yanvar-aprel ayları ərzində aviaşirkət tərəfindən sərnişinlər üçün aviabiletlərin əlçatanlığının artırılmasına və daha sərfəli şərtlərin təqdim edilməsinə yönəlmiş 7 uğurlu aksiya həyata keçirilib. Keçən ilin analoji dövründə onların sayı 5 olub.

– Aviabiletlərin qiymətinin enməsinə hansı amillər təsir edib?

– Qiymətlərin aşağı düşməsinə səbəb olan mühüm amillər xərclərin səmərəli idarə edilməsi, aviaşirkətin resurslarından daha effektiv istifadə və çevik qiymət strategiyasının qurulmasıdır. Bu addımlar sayəsində aviaşirkət həm xərcləri azaltmağa, həm də sərnişinlər üçün aviadaşımaların əlçatanlığını artırmağa və daha sərfəli bilet tariflərini təmin etməyə nail olub.

Bu səylərin nəticələrindən biri də 2023-cü ilin sonunda AZAL aviaşirkətinin onlayn satış payının 21%-dən 27,55%-ə artması oldu. Onlayn satışların payı 2024-cü ilin yanvar-aprel aylarında da artmağa davam edib. 2023 və 2024-cü ilin ilk dörd aylarını müqayisə etsək, onlayn satışların payı müvafiq olaraq 25% və 31% təşkil edib. Hazırda Naxçıvan üzrə onlayn satışların payı 50%-i ötüb. Bu artım aviaşirkətimizin rəqəmsallaşmasını və onlayn bilet satışının sərnişinlərimizə gətirdiyi rahatlığı, həmçinin biletlərə daha asan və sürətli çıxışın təmin edilməsini nümayiş etdirir.

Aviabiletlərin onlayn əldə edilməsinin qənaət baxımından da vacib üstünlüyü var. Belə ki, sərnişinlər İstanbul, Moskva, Tbilisi, Dubay və digər məşhur istiqamətlər üzrə aviabiletləri AZAL-ın saytından və ya mobil tətbiqindən daha sərfəli qiymətlərlə ala bilərlər.

 

– Söhbətimizin sonunda 2024-cü il üzrə hansı nailiyyətləri qeyd etmək istərdiniz?

– Bu il ərzində AZAL xidmət keyfiyyətinin yüksəldilməsi, donanmanın modernləşdirilməsi, innovativ texnologiyaların tətbiqi, marşrut şəbəkəsinin genişləndirilməsi, endirim aksiya və kampaniyalarının keçirilməsi, eləcə də digər mühüm istiqamətlər üzrə ciddi işlər görməyə davam edib.

2024-cü ilin maraqlı yeniliklərdən biri biletləri faizsiz taksitlə əldə etmək imkanının yaradılması oldu. Bu təklif sərnişinlərə maliyyə rahatlığı təqdim edərək onlar üçün uçuşları daha da əlçatan edir. Aviabiletləri taksitlə almaq imkanı AZAL-ın bütün istiqamətləri üçün keçərlidir. Sərnişinlər TamKart kartı ilə aviabilet alışı zamanı ödənişləri 2 və ya 3 aya bölə bilərlər.

2024-cü ilin ilk dörd ayında əldə olunan vacib nailiyyətlər sırasında AZAL-ın BMT-nin Qlobal Sazişinə qoşulmasını qeyd etmək istərdim. Sazişə qoşulmaq aviaşirkətin sosial məsuliyyətini və dayanıqlı inkişafa sadiqliyini nümayiş etdirir, həm də onun etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu gücləndirir.

Xidmət səviyyəsi və uçuşların təhlükəsizliyini qoruyub saxlamaq şərti ilə AZAL ətraf mühitə təsirini azaltmağa çalışır. Aviaşirkətin donanmasına müasir “Airbus A320neo” təyyarələrinin daxil edilməsi bu istiqamətdə atılan addımlardan biridir. Bu təyyarələr aviasiyanın ətraf mühitə mənfi təsirini azaltmağa töhfə verir ki, bu da COP29 konfransının Bakıda keçirilməsi kontekstində xüsusilə vacibdir. Azərbaycanın bu tədbirdə iştirakı təcrübə və bilik mübadiləsi üçün bir fürsətdir, “Airbus A320neo” kimi təyyarələrdən istifadə isə AZAL-ın dayanıqlı inkişafa və ətraf mühitin mühafizəsi üzrə qlobal təşəbbüslərə sadiqliyini vurğulayır.

– Samir müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik.

– Mən də Sizə öz təşəkkürümü bildirir və uğurlar arzulayıram.