Avtobuslarda kondisionerlərlə bağlı narazılıqlar artır. Əksəriyyət bildirir ki, bəzi sürücülər cihaz işlək olsa belə, onu qəsdən yandırmır, şikayətlərə “pəncərəni açın” və ya “havalandırma var” cavabları ilə qarşılıq verirlər. Vətəndaşlar isti havalara görə boğucu hava şəraitində getmək məcburiyyətində qalırlar.
Kondisioneri işləməyən, yaxud qəsdən yandırılmayan avtobus sürücüləri hansı hallarda cəzalandırıla bilər? Belə vəziyyətdə vətəndaş nə etməlidir?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, kondisionerlərdən düzgün istifadə olunmadığı üçün daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.
“Avtobusların hamısında kondisioner yoxdur. Xüsusilə bu, köhnə və istismara yararsız nəqliyyat vasitələrində belədir. Yeni avtobuslarla bağlı isə bəzən bəhanə edirlər ki, yanacağa qənaət edirik, gündə bir neçə saat kondisioner işlətməsək, əhəmiyyətli fərq yaranır. Əslində bu, reallıqdır. Şirkətlər bildirirlər ki, kondisioner işləyəndə yanacaq sərfiyyatı onlara 50-100 min manat ziyan vurur. Qarşılığında isə nə dövlətdən subsidiya alırlar, nə dotasiya, nə də hər hansı başqa yardımlar nəzərdə tutulur. Lakin sərnişindaşıma xidməti göstərənlər vətəndaşı kondisionerlə təmin etməlidir. Başqa variant yoxdur. Həmçinin elektriklə işləyən avtobuslarda enerjinin tez bitməsi bəhanə edilir, kondisioner qoşulmur. Əvvəlcədən belə problemlərlə bağlı xəbərdarlıq etmişdik, müəyyən fəsadlar qaçılmazdır”.
Elməddin Muradlı
Ekspert bildirib ki, dövlət problemi hansısa formada tənzimləməlidir:
“Daşıyıcı şirkətlərə müəyyən dəstəklər göstərilə bilər. Onsuz da onlarla bağlı hazırkı vəziyyət ürəkaçan deyil. Digər tərəfdən, kondisionerlə əlaqəli şikayəti olan vətəndaşlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edə bilərlər. Qurum şirkətə xəbərdarlıq edəcək. Müraciətlər çox olarsa, həmin marşrutun yenidən müsabiqəyə çıxarılma riski yaranacaq”.
Zaira Akifqızı
Globalinfo.az














