Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Ukraynaya səfəri siyasi dairələrdə maraqla qarşılanıb.
O, qarşıdan qışın gəldiyini, Rusiyanın isə enerji infrastrukturunu hədəf aldığını bildirib. Leyen səfərin məqsədinin Avropanın Kiyevə dəstəyi və G7 kreditləşməsi ilə bağlı irəliləyişi müzakirə etmək olduğunu deyib.
Globalinfo.az-a danışan politoloq Azad Məsiyev qeyd edib ki, ABŞ Rusiya-Ukrayna münaqişəsini yaradan əsas ölkədir:
“Rəsmi Vaşinqton bununla dünyanın iqtisadi-siyasi sistemini kökündən dəyişməyə çalışır. Bu münaqişə təkcə Moskva və Kiyevə deyil, bütövlükdə Avropa İttifaqına üzv olan ölkələrə zərər vurdu.
Qeyd edim ki, Avropanın Rusiyada 600 milyard sərmayəsi olub. Rusiya-Avropa əməkdaşlığı həm ittifaqa iqtisadi gəlir, həm də siyasi müstəqillik gətirib. Ukrayna münaqişəsi nəticəsində ABŞ Qərb ilə Rusiyanın əlaqəsini kəsdi. Beləcə həm də Avropanı özündən asılı hala salmış oldu.

Azad Məsiyev
Bu gün Ukrayna sadəcə bir poliqondur. Əsas müharibə Rusiya ilə ABŞ arasında gedir. Qərb isə burada sadəcə məcbur tərəfdir. Ukraynaya qədər bu gün Aİ də müharibəyə görə əziyyət çəkir. Təsadüfi deyil ki, hazırda bir çox Aİ, hətta NATO ölkəsi Ukrayna müharibəsinin tərəfi olmaq istəmir”.
“Ursula fon der Leyen Kiyevə gəlişi də əslində Qərbin qış öncəsi düşdüyü çətin vəziyyəti göstərir. Yəni bu durumda Qərb ciddi şəkildə itkilərə məruz qalır. Lakin özü də Ukrayna kimi bu vəziyyətdən çıxa bilmir. Çünki ABŞ məqsədyönlü şəkildə prosesi qızışdırır. Sülh cəhdləri isə fayda vermir”, – politoloq bildirib.
Turan Rzayev
Globalinfo.az














