Türkiyənin Antalya şəhərində iki qrup arasında çıxan münaqişə zamanı iki dəfə bıçaqlanan Muay Tay Federasiyasının prezidenti Araz Musayev əməliyyat olunacaq.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı qaçmağa çalışan 2 Azərbaycan vətəndaşı Antalya hava limanında saxlanılıb.
***
Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı məlum olub.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib. Türkiyənin Antalya şəhərində keçirilən İFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılıb.
Muay Tay Federasiyasının prezidenti Araz Musayev isə heyətə başçılıq edib.
Dünən keçirilən görüşdə Azərbaycan yığma komandasının üzvü yarımfinala yüksəlib. Bu gün günorta saatlarında keçirilən yarışda Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb, küçədə yenidən dalaşmağa başlayıblar.
Bu zaman Araz Musayevi güdən biri qəfildən, Musayevin başı söhbətə qarışıq olarkən onu kürək nahiyəsindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Hazırda Araz Musayevin səhhəti stabil ağır qiymətləndirilir.
***
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində bıçaqlanıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə iki qrup arasında çıxan münaqişə nəticəsində baş verib.
Araz Musayev boyun nahiyəsindən bıçaq zərbəsi alıb.
Hazırda, o, dövlət xəstəxanasına yerləşdirilib, vəziyyətinin qənaətbəxs olduğu bildirilir.
Həmin görüntüləri təqdim edir:
***17:18
Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.
Globalinfo.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.
Bununla bağlı yayılan videoda A. Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətini həkimlər ağır qiymətləndirir.















