Araik Arutyunyan Bakıya kömək etdi – Erməni deputat

Araik Arutyunyan Bakıya kömək etdi - Erməni deputat

Bayramov-Mirzoyan görüşü fonunda Ermənistanda da gərginlik artıb.

Globalinfo.az xəbər verir ki, xüsusilə rusiyayönlü müxalifət hökumətə qarşı təzyiqlərini gücləndirməyə başlayıb.

Bu gün parlamentdə çıxış edən Ermənistan Blokundan deputat Geqam Manukyan Paşinyan hökumətinin son danışıqlarla Qarabağı satdığını (?) bildirib:

“Danışıqlarda müzakirə mövzularından biri iki ölkənin milli azlıqlarının haqları barədə məsələdir. Yəni Qarabağ erməniləri Azərbaycanda milli azlıqdır. Üstəlik, Araik Arutyunyan və Nikol Paşinyan tandemi Azərbaycanın sərhəd-keçid məntəqəsini Qarabağ ermənilərini buradan keçirməklə qanuniləşdirdi. Yəni bütün dünyaya göstərdilər ki, onlar normal şəkildə sərhədi keçə bilirlər”.

Manukyan həmçinin Ermənistan nümayəndə heyətinin tərkibində vitse-spiker Ruben Rubinyanın yer almasına da diqqət çəkib:

“Ruben Rubinyan Türkiyə ilə əsas danışıqları aparan simadır, niyə o Azərbaycanla danışıqlara gedir?”

Bundan sonra Manukyana hakim partiyadan Arman Yeqoyan cavab verib. O, Manukyanın iddialarının əsassız olduğunu söyləyib. Yeqoyan eyni məzmunda danışıqların Moskvada keçəcəyi halda Manukyanın belə reaksiya verəcəyinə şübhə ilə yanaşdığını deyib.

İlkin Həsənov
Globalinfo.az