İsrail müdafiə naziri Yoav Qallant deyib ki, ordu Qəzza zolağının şimalında intensiv döyüşləri dayandırmaq niyyətindədir. Qallantın sözlərinə görə, hərbi əməliyyatların başlanğıcında Müdafiə Nazirliyi vaxt çərçivəsini açıqlayıb və Qəzza zolağında intensiv döyüşlərin mərhələsinin təxminən üç ay davam edəcəyini bildirib. Nazir vurğulayıb ki, anklavın şimalında bu mərhələ artıq başa çatıb.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, İsrail ordusu keçən həftədən başlayaraq xüsusi əməliyyat qüvvələrinin bir qismini Qəzza zolağının mərkəzindən çıxarır:
“Bundan sonra İsrail ordusunun yalnız “hədəf əməliyyatları” keçirəcəyi deyilir. İsrail gözlənildiyinin əskinə 3 ay ərzində Qəzza zolağını silahlı qruplardan təmizləyib nəzarətə götürə bilmədi. Bu, əsas məqsəd idi və 3 aylıq hərbi əməliyyatlar nəticəsində buna nail olmaq mümkün olmadı. HƏMAS gözlənildiyindən şiddətli müqavimət göstərdi.
İndi bir sıra müstəqil mənbələrə görə, ordunun əsasən də xüsusi təyinatlı əməliyyat qüvvələrinin çəkilməsinin arxasında başqa səbəblər var. İlk növbədə həmin birləşmələr ağır itki verib. Çünki hərbi nizamnaməyə əsasən müəyyən bir müddətdən və ya şəxsi heyətinin müəyyən bir qismini – adətən bunun konkret faizi olur ordularda – itirən hərbi birləşmə ehtiyata çəkilir. Yeni şəxsi heyət cəlb olunur, təlim keçirilir. Üstəlik, Qəzzada döyüş şərtlərinin ağırlığı, şəhər döyüşlərinin fiziki, psixoloji yorğunluğu var.
Bunları nəzərə alaraq bəzi elit hissələr geri çəkilə bilər. Çünki əgər İsrail ordusu kəskin və ağır mühasirə ilə 3 ay ərzində HƏMAS-ı Qəzzada məhv edə bilməyibsə, indi lokal əməliyyatlarla necə nail olacaq? Belə görünür ki, İsrail Qəzza ilə bağlı taksikasını dəyişib.
Kənan Rövşənoğlu
İsrail ağır bombardmanlarla Qəzzanı həyat və yaşayış üçün yararsız hala gətirməyə və beləliklə əhalinin ordan köçməsinə nail olmağa çalışır. Bu olarsa HƏMAS da uzun müddət Qəzzada qala bilməz. Başqa sözlə, Rusiyanın Ukraynada etdiyi kimi, İsrail də Qəzzada “sürünən müharibəyə” keçir. Yaxın döyüş əməliyyatlarından çəkinib, artilleriya və aviasiya vasitəsilə müharibəni davam etdirib, HƏMAS-ı “yormaq” istəyir. Ancaq beynəlxalq təzyiq də günü-gündən artır. İsrailin daha nə qədər buna dözəcəyi məlum deyil. Misirdə atəşkəs danışıqları davam edir, razılaşma hər an əldə oluna bilər. Lakin bu atəşkəsin uzunmüddətli olması və sülh prosesinin başlamasını demək çətindir. Baxmayaraq ki, hazırda ABŞ buna çalışır. Vaşinqton təcili olaraq sülh danışıqlarının başlaması üçün aktiv diplomatiya aparır”.
Turan Rzayev
Globalinfo.az













