Ermənistan hökumətinin Laçın nəzarət buraxılış postunun qarşı tərəfində yaratdığı humanitar şou davam edir. Təəssüf ki, bir çox ölkə bu məsələdə rəsmi İrəvana dəstək nümayiş etdirsə də bəzi ölkələrin səssizliyi diqqət çəkir. Bu ölkələrdən biri də strateji tərəfdaşımız və müttəfiqimiz Türkiyədir.
Maraqlıdır, rəsmi Ankaranın bu məsələdəki mövqeyi necədir? Türkiyənin səssizliyin səbəbi nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay deyib ki, Türkiyə prosesi yaxından izləyir:
Həsən Oqtay
“Ermənistan tərəfi məsələni beynəlxalq müstəviyə çıxarıb, Azərbaycana qarşı təzyiq yaratmaq istəyir. Türkiyə isə bunun olmasına mane olmaq üçün təmaslar qurur. Rəsmi səviyyədə bu hiss edilməsə də Türkiyə prosesin içərisindədir.
Xüsusilə avropalı səfirlərin sərhədə gəlməsi prosesi daha qəlizləşdirdi. Buna görə Türkiyə tərəfi təmasları artırıb. Hesab edirəm bu istiqamətdə Bakı və Ankara koordinasiyalı hərəkət edir.
Hələlik məsələ ictimaiyyətə açıqlanmasa da diplomatik sferada aktivlik müşahidə edirəm. Azərbaycanın mövqeyi haqlıdır və geri addım atmayacağını düşünürəm. Türkiyə də bu məsələdə Azərbaycan ilə ortaq hərəkət edir. 44 günlük müharibə zamanı olduğu kimi, Türkiyə diplomatik nüfuzundan istifadə edərək ehtimal təzyiqlərin qarşısını alacaq”.
Turan Rzayev
Globalinfo.az














