Anasını və bacısını öldürüb Rusiyaya qaçan gəncə ağır cəza verildi

Anasını və bacısını öldürüb Rusiyaya qaçan gəncə ağır cəza verildi

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 2019-cu ilin dekabrında Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Akkord” binasında anası ilə bacısını amansızlıqla öldürən 1996-cı il təvəllüdlü Murad Niftizadəyə hökm oxunub.

Globalinfo.az xəbər verir ki, məhkəmədə bəzi dəhşətli faktlar üzə çıxıb. Məlum olub ki, Murad anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib Rusiyaya qaçdıqdan sonra qadınların meyiti sahibsiz qalıb. Belə ki, onların qohumları və digər yaxınları meyitləri götürərək dəfn etməkdən imtina ediblər. Ana və qızının meyiti bir müddət morqda saxlanıldıqdan sonra aidiyyəti dövlət qurumu tərəfindən Bakının Suraxanı rayonu ərazisində yerləşən kimsəsizlər qəbiristanlığına aparılıb və orada dəfn edilib.

Murad Niftizadə məhkəmədə bildirib ki, anası və bacısı əxlaqsızlıqla məşğul olduğu üçün onları qətlə yetirib və bu səbəbdən də meyitlərə heç kim yaxın durmayıb.

O, bildirib ki illər əvvəl atası vəfat etdikdən sonra anası qonşu kənddən olan kişiyə qoşulub qaçıb və 4 uşağını başsız qoyub. Daha sonra Fatma Həmzəyeva həmin kişidən də ayrılaraq Bakıya köçüb və paytaxtdakı kafelərdə işləməyə başlayıb. Bundan sonra o, övladları ilə əlaqə saxlayaraq kiçik qızı Elgünü dilə tutub və onu yanına gətirərək kafelərdə işlədib, həmçinin müxtəlif şəxslərlə pul qarşılığında görüşməsinə şərait yaradıb.

Murad Niftizadə internetdə bacısının fotolarını gördükdən sonra onları tapmaq qərarına gəlib. Bu məqsədlə o, Rusiyadan Bakıya gəlib və anası ilə bacısının yaşadığı ünvanı tapıb. Həmin mənzildə Murad anası Fatma və bacısı Elgünü amansızlıqla öldürərək yenidən Rusiyaya qaçıb.

Xeyli vaxt istintaqdan yayınan gənc oğlan Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci ilin dekabrında çıxardığı hökmlə 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Zaira Akifqızı
Globalinfo.az