Xalq artisti Ağadadaş Ağayevin klinika önündə mühafizəçiyə balta atması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət təklif edir ki, yazıçı Əkrəm Əylisli kimi A.Ağayevin də “Xalq artisti” tutulu ondan alınsın.
Bu, nə dərəcə realdır?
Mövzunu Globalinfo.az-a şərh edən hüquqşünas Əkrəm Həsənovun şəxsi fikrincə, “Xalq artisti”, “Xalq rəssamı” və digər oxşar titullar SSRİ-dən qalma bir məsələdir.
Hüquqşünas deyib ki, bəzi artistlərimiz hətta adi bir geyimi ilə belə xalqı biabır edir:
“Nəzərinizə çatdırım ki, “Xalq artisti” adını prezident verdiyi üçün yalnız özü də geri ala bilər. Açığı, Əkrəm Əylisli ilə Ağadadaş Ağayevin etdiyi hərəkətlərdə fərq var. Məsələn, “Xalq yazıçısı” adı Əkrəm Əylisliyə yazdığı bədii əsərlərə görə verilmişdi. Adı da əlindən məhz yazdığı digər əsərə görə alındı. Hansı ki, o “əsəri” heç birimiz qəbul etmədik. Ağadadaş Ağayevin törətdiyi isə onun peşəkar fəaliyyəti ilə bağlı deyil. Adama baltaçılığa görə ad verilməyib ki, baltaya görə də adı alına. Müğənni kimi gedib, ermənilərə mahnı oxumayıb ki, “Xalq artisti” adının alınmasını tələb edək. Yəni ona o ad istedadına görə verilib. Etdiyi hərəkət peşəkar fəaliyyətlə bağlı deyilsə, niyə titul əlindən alınmalıdır?!”
Əkrəm Həsənovun sözlərinə görə, Ağadadaş Ağayevin törətdiyi əmələ birmənalı qiymət vermək olmur:
Əkrəm Həsənov
“Təbii ki, başqa bir şəxsə balta atmaq qanunsuzluqdur, cinayətdir. Amma cinayət hüququnda cinayətin bir neçə meyarı, o cümlədən də obyektiv və subyektiv tərəf deyilən anlam var. Obyektiv tərəf odur ki, biz doğrudan da birinin digərinə balta atdığını, yaraladığını və s. görürük. Bəli, bu, cinayətdir. Subyektiv tərəf də odur ki, bu adam həmin an əməllərinə cavab verirmi? Ruhi vəziyyəti nə yerdədir? Ola bilər, həmin şəxs o anda əməllərinə cavab verə bilmir. Özü də Ağadadaş Ağayevin xəstəliyinin olduğunu bildirirlər. Hətta hadisədən bir gün öncə insident baş verən klinikada əməliyyat olunduğu deyilir. Bunlar təsdiq olunsa, adam törətdiyi əmələ tam və ya qismən cavabdeh olmaya bilər. Belə hallar da olur”.
Hüquqşünas təkrar Əkrəm Əylisli və Ağadadaş Ağayev məsələsindəki fərqə qayıdıb:
“Əkrəm Əylisli bilə-bilə illərlə düşündüyü əsəri yazıb, bilərəkdən belə addım atıb. Amma Ağadadaş Ağayevin etdiyi əməl ani olub. Heç kəs deyə bilməz ki, əsəbiləşib nəyisə yerə çırpmamışıq. Ola bilər, yerə çırpdığımız şey təsadüfən başqasına dəyə bilər. Lakin ani hərəkət hər kəsin başına gələcək işdir. Buna görə də onu linç etmək ki, bəs Ağadadaş Ağayev balta atdı və s. kimi əks reaksiya da düzgün deyil. Mühafizəçi adamı yerə yıxır və hətta köməksiz vəziyyətdə olduğu halda belə onu vurur. Biri var, özünümüdafiə məqsədilə kimisə vurub yıxırsan, biri də var ki, artıq yıxmısan və yenə vurursan. Niyə bir də qayıdıb təpikləyirsən axı? Əslində bu, daha ağır cinayətdir”.
Zaira Akifqızı
Globalinfo.az














