Xalq artisti Ağadadaş Ağayev amnistiyaya düşdüyü üçün cəzadan azad edilib.
Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib.
Xatırladaq ki, Ağadadaş Ağayevə 2025-ci ilin mart ayında Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.
Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona təyin edilən cəza şərti hesab edilərək 1 il sınaq müddəti seçilmişdi.
Qeyd edək ki, ittihamda 2024-cü ilin iyul ayında Ağadadaş Ağayevin “MedEra” hospitalının mühafizəçisi Nurəddin Cəlilovla mübahisə etdiyi, mübahisə zamanı xalq artisti mühafizəçiyə balta atdığı, həmin baltanın hospitalda xadimə işləyən Nəzakət Paşayevaya dəydiyi bildirilib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva Xalq artistinin cinayət işində zərərçəkən qismində tanınmışdı.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Sözügedən məsələ ilə bağlı tərəflər barışıblar.
Həmçinin A.Ağayev “MedEra” hospitala, eləcə də hospital xalq artistinə qarşı mülki iddia qaldırıb, sonradan mülki iddiaya da xitam verilib.
A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinirdi.
***10:11
Baltanı cinayət alətinə çevirməklə xuliqanlıq etməkdə ittiham olunan Xalq artisti Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənniyə amnistiya aktı tətbiq olunacaq.
Ədliyyə Nazirliyinin Probasiya xidməti məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib.
Ağadadaş Ağayevin müdafiəçisi, tanınmış vəkil Asim Abbasov məlumatı saytımıza təsdiqləyib. Vəkil deyib ki, Probasiya xidmətinin müvəkkilinə amnistiya aktının tətbiqi ilə bağlı müraciətinə bu gün baxılacaq.
Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə Xalq artistini döyüb.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə, 2 il , N.Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edilib.
