Dünəndən bir mövzu diqqətimi çəkir. Baxıram, ictimai diqqət xeyli dərəcədə buna fokuslanıb. ADY-nin yeniliklərlə bağlı ötən gün yaydığı məlumat ətrafında maraqlı müzakirələr aparılır.
Faydalı müzakirələri sevirəm. Amma bəzən ictimai müzakirələrdə əsas hədəf, məqsəd qalır arxa planda, o qədər vacib olmayan detallar dartışılır. Nəticədə yenilik kimi həyatımıza girən amillərin mahiyyəti açılmır. Neqativ fon buna imkan vermir.
Mən ADY-nin sürət qatarından vaxtaşırı istifadə edirəm. Mənə görə rayona qatarla getmək daha rahatdır, sərfəlidir. Həm də təhlükəsizdir. Benzin, amortizasiya, yolda yemək xərcləri, ən az 2 radara düşmək (sonuncu müqəddəs ritual halına gəlib az qala) və s. üst-üstə gəldikdə, əlavə məsrəfdir, enerji itkisidir. Hələ jurnalistsənsə, sayt rəhbərisənsə qatarla səfər etmək ikiqat avantajlıdır. Kompüterlə rahat çalışa bilmək, telefonda işin gedişini izləmək fürsəti yaranır. Arada filmə baxmaq, mahnı dinləmək də öz yerində.
Amma hər dəfə düşünürəm ki, qatarlarda nədən rahat internet yoxdur? Hansı səbəbdən pulsuz “Wi-Fi” şəbəkəsi qurulmur? Bu da bir yana, mobil telefon şəbəkəsi də tez-tez qırılır. Bunu qatar bələdçilərindən soruşanda deyirdilər ki, təhlükəsizliklə bağlıdır. Cavab məni əsla qane etmirdi. Təyyarədə, qatarda mobil cihazların, planşet və kompüterlərin təhlükə yaratması haqda deyilənlərə heç vaxt inanmamışam.
ADY-nin son məlumatında mənim diqqətimi 10 qəpik qiymət artımı yox, məhz bu cür məsələlər daha çox cəlb etdi. Təbii, vətəndaş, müştəri, sərnişin olaraq bütün növ qiymətartımı xoş təəssürat yaratmır adamda. Lakin regionlarda – Gəncə, Qəbələ, Goran və Ağstafada pulsuz “Wi-Fi” şəbəkəsinin qurulması xəbərindən məmnun oldum. Hələ oktyabr ayından qatarlarda “Wi-Fi” şəbəkəsinə çıxışın təmin olunması məndə ikiqat xoş ovqat yaratdı. Ağstafa-Bakı və əks istiqamətdə səfər edərkən, mobil datamızdan istifadəyə gərək qalmayacaq.
ADY-nin yeni dinamik qiymət siyasətinə gəlincə… Bu, niyyət və ilk addım kimi maraqlıdır, yaxşıdır. Beynəlxalq təcrübənin bizdə tətbiqi xoşdur. Məsələn, qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilirsə, çox əla. Bu, sərnişinlərə özəl günlərdə, yay və qış tətillərində bölgələrə səfər planlaşdırarkən faydalı olmaqla, çox öncədən münasib qiymətə bilet almağa imkan verəcək – 15 % endirim heç də pis səslənmir. Təyyarəyə bilet alarkən hamılıqla belə tərcübəmiz var. Artıq qatarla səfər zamanı da az xərclə rahat şəkildə bilet almaq mümkündür.
2018-ci ilin dekabr ayının 30-da Bakı-Gəncə sürət qatarının təqdimatında media rəhbəri kimi mən də dəvət olunmuşdum. Səfər təəssüratımı yazanda Bakı- Gəncə qatarını “Bakıdan gələcəyə gedən qatar” adlandırmışdım. Bizim nəslin qatarla bağlı ciddi travmaları var. Tələbə vaxtı sovet istehsalı olan qatarlarda siçan, siçovul, tarakan görmüşük. Antisanitariya mənzərəsi, siqaret qoxusu hələ də yadımızdadır. Vaqonlarda araq məclisləri təşkil edən sərnişinlərlə az yol yoldaşlığı etməmişik. Bilet uğrunda vağzal kassalarında sözün əsl mənasında savaş verirdik. Əlbəyaxa döyüş növləri yaşayırdıq bilet üçün. Bilet kassalardan çox dəllallarda olardı. Üç-dörd qat bahasına satırdılar. İndi bu problem yoxdur. Nə bilet dərdi yaşayırıq, nə antisanitar vəziyyətlə üzləşirik. Evində, işində, küçədə, kafedə onlayn bilet ala, hələ üstəlik buna görə faiz əldə edə bilirsən. Sadəcə biz də vətəndaş, sərnişin olaraq istifadəmizdə olan bu rahat, komfortlu qatarların qədrini bilməliyik. Qatarı daşa basıb şüşəsini sındırmasaq, tualetdən normal istifadə etsək, oturacaqları zibilləməsək, təlimatlara əməl etsək bu rahatımız heç vaxt pozulmaz. Çünki bu rahat qatar bizimdir. Özümüz, övladlarımız, yaxınlarımız bundan istifadə edir.
Azər Ayxan














