Bu günlərdə Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) buraxılması ilə bağlı xəbərlər media gündəmini zəbt edib.
Məlumatı ilk dəfə yanvarın 12-də London İqtisadiyyat Məktəbinin professoru, ADR Partiyasının sədri Qubad İbadoğlu ictimailəşdirib.
Partiya sədri bildirmişdi ki, bu addım “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq atılıb: “Prezidentin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi “Siyasi partiyalar haqqında” Qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. ADR Partiyası olaraq fəaliyyətimizi Qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək. Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik”.
Qeyd edək ki, hazırda ADR Partiyasının rəsmi saytına daxil olmaq mümkün deyil.
Azərbaycan Demokratiya və Rifah Partiyasının İdarə Heyətinin üzvü Əlövsət Sadıqlı Globalinfo.az-a açıqlamasında yayılan məlumatlara münasibət bildirib.
Onun sözlərinə görə, bu Qanun beynəlxalq hüquq normalarının və Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəa və tələbləri ilə, hətta öz daxilindəki tələbləri də bir-biri ilə ziddiyyət təşkil edir:
“İlk növbədə, Konstitusiya Məhkəməsinin borcudur ki, təyinatına uyğun olaraq, bu Qanunun Konstitusiya tələblərinə uyğun olub-olmaması barədə məsələni araşdırıb müvafiq qərar versin. Hərçənd ki, mən belə bir prosedurun reallaşacağına inanmıram”.
Partiya fəalı ADR-in buraxılacağı ilə bağlı gəzən xəbərlərin uydurma və cəfəngiyyat olduğunu deyib:
“Bu məsələ müzakirə mövzusu belə deyil və mümkün də deyil. Sadəcə olaraq, hakimiyyət bu Qanunla ADR kimi dövlət qeydiyyatına alınmamış real alternativ olan partiyaların siyasi fəaliyyətini qadağan etmiş oldu. Odur ki, ADR-in rəhbəri Qubad İbadoğlu partiyanın strateji hədəflərindən biri olan “hüquqi dövlət” prinsipinə sadiqlik ifadəsi olaraq, sədr kimi özünün təyin etdiyi vəzifəli şəxslərin fəaliyyətini dayandırıb”.
Ə.Sadıqlının sözlərinə görə, partiya təxminən bir ay əvvəl dövlət qeydiyyatına alınması üçün beşinci dəfə Ədliyyə Nazirliyinə müraciət edib və veriləcək cavabı gözləyir:
“Partiya hazırda quruculuq və inkişaf istiqamətində işlərini davam etdirir və Nazirliyin cavabından sonra qeydiyyat və ya digər hüquqi, siyasi və s. fəaliyyətlər barədə qanunun tələbləri daxilində qərarlar verəcəkdir”.
Qeyd edək ki, 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apelyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayətdə həmin qərarın ləğvi istənib. Amma Ali Məhkəmə noyabrın 22-də təqdim olunmuş şikayətə baxmayıb. Dekabrın 23-də ADR Partiyası yenidən Ədliyyə Nazirliyinə sənədlər təqdim edib.
ADR-in rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik və başqa şəxslər yer alır.
Gülnar Səlimova
Globalinfo.az














