ABŞ Zəngəzur dəhlizinə nəzarəti ələ keçirir – Bakı Vaşinqtonun təklifinə nə cavab verəcək? 

“ABŞ-ın sülh danışıqları prosesində aktivləşməsi təsadüfi deyil. ABŞ Fransadan fərqli olaraq bölgədə Azərbaycanın yaratdığı yeni reallıqları nəzərə almağın zəruriliyini qəbul edir. Doğrudur, ABŞ burada öz maraqları kontekstindən çıxış edir, amma çalışır ki, bu yanaşma reallığa adekvat olsun”. 

Bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Obrayenin açıqlamasında dəhlizlər məsələsi diqqət çəkir:

“Biz bilirik ki, dəhlizlərlə bağlı Rusiya, Çin, ABŞ, Aİ, Böyük Britaniya öz maraqlarını təmin etməyə çalışırlar. Azərbaycan yalnız “Azərbaycandan Azərbaycana” prinsipini rəhbər tutur, geosiyasi maraq toqquşmalarında tərəf olmaqdan yayınır.

Bu, çox doğru siyasətdir. ABŞ çalışır ki, dəhlizlərə nəzarəti ələ keçirsin. Burada bir sıra məsələlər var ki, bunu nəzərə almalıyıq. Birinci məsələ ondan ibarətdir ki, burada geosiyasi maraq toqquşmaları məsələsinin həll edilməsi şərtləri var. Bu, problematik görünür. Xüsusilə Rusiya ilə ABŞ arasında dəhlizlərə bağlı davam edən rəqabət”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, digər bir məsələ də Azərbaycanın sülh danışıqları prosesində Ermənistanda konstitusiya dəyişikliyi məsələsini prinsipial olaraq ortaya qoymasıdır:

“Qənaətimcə, ABŞ sülh danışıqlarının bu dəyişikliklər həyata keçirilmədən irəliyə daşınmasına nail olmaq istəyir. Çalışır ki, Azərbaycan bu məsələlərdə prinsipiallıq nümayiş etdirməsin və ABŞ-da keçiriləcək seçkiyə qədər Ermənistanla Azərbaycan arasında sülh əldə olunsun.

Təbii ki, Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, Ermənistanın konstitusiyası dəyişdirilsin. Konstitusiyadan və normativ hüquqi aktlardan separatçı müddəalar çıxarılsın. ABŞ-ın sülh danışıqlarında Ermənistanın konstitusiya dəyişikliyinin prinsipial mövqe olaraq qoyulmamasına çalışması ABŞ-da keçiriləcək seçkilərlə bağlıdır. Bəllidir ki, Ermənistan konstitusiyasında erməni kilsəsi ilə yanaşı erməni lobbisinə də müstəsna hüquqlar verilir və konstitusiya dəyişiklikləri Ermənistan hakimiyyətindən fərqli olaraq birbaşa erməni lobbisinin maraqlarına ziddir. Bu səbəbdən ABŞ hökuməti seçkidə erməni lobbisinin dəstəyini almağa çalışacaq. Bu da onu deməyə əsas verir ki, ABŞ-ın dəhlizlərlə bağlı mövqeyi ilə yanaşı, eyni zamanda konstitusiya dəyişiklikləri məsələsinin gündəlikdən çıxarılmasına çalışılması ehtimalı var.

ABŞ dəhlizlərlə bağlı nəzarəti ələ keçirməklə yanaşı, eyni zamanda bu məsələni də ortaya qoya bilər. Hesab edirəm ki, Obrayenin bu açıqlaması qeyd olunan məsələləri nəzərdə tutur. Bölgədə artıq yeni reallıqlar var. İstər regional, istər beynəlxalq güclər heç bir halda Azərbaycanın maraqlarını nəzərə almadan öz maraqlarını diktə edə bilməyəcək. Bu reallıq onu deməyə əsas verir ki, Azərbaycan mərhələ-mərhələ öz məqsədinə çatacaq”.

Turan Rzayev

Globalinfo.az