ABŞ rəsmilərindən Ermənistana ardıcıl müəmmalı səfər – Azərbaycana qarşı plan hazırlanır?

ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə baş müavini Riçard Verma iyunun 17-də Ermənistana səfər edəcək. Bundan əvvəl isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Ermənistanda səfərdə olub. Görüş çərçivəsində olduqca əhəmiyyətli müzakirələr aparılıb.

Bəs bu səfərlərin pərdəarxası detalları nədir? ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır, yoxsa ikili oynayır? Ermənistana ard-arda iki ABŞ rəsmisinin səfəri nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, ABŞ-ın yüksək vəzifəli şəxsləri Ermənistana səfər etməklə kifayətlənirlər:

“Onların Azərbaycana gəlməməsi müəyyən suallar doğurur. Görünür, Ermənistanı revanşa hazırlamaq, silahlandırmaq, siyasi dəstək göstərmək və sülh istiqamətində fikirlərini araşdırmağa çalışırlar. Ermənistanın anti-Rusiya ritorikası getdikcə genişlənir. Baş nazir Nikol Paşinyan KTMT-də fəaliyyətini dondurub üzvlük haqqını ödəmək istəmir”.

Politoloqun sözlərinə görə, səfərlər geopolitik savaş əsasında baş tutur:

“Səfərlər çərçivəsində Ermənistan-ABŞ münasibətlərini daha da yüksək pilləyə qaldırmaq, strateji müttəfiqliyi inkişaf etdirmək, təmasları gücləndirmək əsas müzakirə predmetidir. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayen Ukrayna müharibəsi fonunda Rusiyaya tətbiq olunan sanksiyaların müəlliflərindən biridir. ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə baş müavini Riçard Verma da daha çox Ermənistan iqtisadiyyatını inkişaf etdirmək və iqtisadi istiqamətdə müəyyən təlimatlar vermək məqsədi ilə səfər edir”.

Safura Bənnayeva
Globalinfo.az