ABŞ-la Rusiya müharibə astanasında: bu paytaxtlar vurula bilər – XƏBƏRDARLIQ

ABŞ-la Rusiya müharibə astanasında: bu paytaxtlar vurula bilər – XƏBƏRDARLIQ

ABŞ-ın uzaqmənzilli raketlərini Avropada yerləşdirməsi Rusiya tərəfindən sərt qarşılanıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, cavab vermək üçün kifayət qədər potensialı var. Onun sözlərinə görə, bu qarşıdurmada potensial qurbanlar Avropa paytaxtları olacaq.

Almaniya kansleri Olaf Şolts Yaponiyanın Baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında bildirib ki, Almaniya ərazisində yeni Amerika raketlərinin yerləşdirilməsi planları Rusiya ilə gərginliyə səbəb olmayacaq.

Kansler bunun çəkindirici funksiyanı yerinə yetirdiyini və arxa cəbhənin təhlükəsizliyinin qorunması üçün nəzərdə tutulduğunu bildirib. Belə anlaşılır ki, ABŞ-la Rusiya arasında müharibə Avropanın başında çatlaya bilər.

Rusiyalı aparıcı və təbliğatçı Yevgeni Popov isə diqqət çəkən açıqlama verib. O deyib ki, “Berlin, Varşava, bütün Baltikyanı, Paris, Buxarest, Praqa, əlbəttə, Almaniyadakı ABŞ bazaları… Xüsusi diqqəti Britaniyaya – bizim ənənəvi düşmənimizə ayırmaq lazımdır. Ona qarşı Şimal Donanmasının əhəmiyyətli hissəsi işləyəcək. Vaşinqton təkcə Londonu yox, Mançester, Briminqem, Devanport hərbi dəniz bazasını, Şotlandiyada kralın “Trayden” nüvə raketlərini saxladığı Klayd bazasını, Portsmut və Çatem Verf ərazilərini zərbə altında qoyacaq. Britaniya daha həssas vəziyyətdədir. Prinsipcə 3 raket bəsdir və bu sivilizasiya məhv olacaq”.

Müharibə riski nə dərəcədə realdır?

Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, ABŞ-la Rusiya arasında müharibə ehtimalı çox azdır:

“Bu tezlikdə belə bir müharibənin olacağını düşünmürəm. Ümumiyyətlə ilk və son dəfə “soyuq müharibə” illərində ABŞ-SSRİ qarşı-qarşıya gəldi. Məhz o vaxt total müharibə ehtimalı daha çox idi. Amma indiki məqamda müqayisə ediləcək qədər risk yoxdur.

Xüsusilə “soyuq müharibə” illərində ABŞ-ın Avropada raketləri, hərbi bazaları daha çox idi. O vaxt belə tərəflər müharibə etmədi. Bu mənada ABŞ-la Rusiya arasında müharibə ehtimalı azdır deyə düşünürəm. Tərəflər hətta açıq toqquşmadan yayınmağa çalışır”.

Turan Rzayev
Globalinfo.az