ABŞ-da prezidentliyə namizəd Donald Trampla yüksəlişə keçən və Çinlə rəqabətə dair yeni məzmun qazanan təcridçilik (izolyanizm) yanaşması siyasi dairələrdə müzakirələrə səbəb olub. Bu yanaşmanın beynəlxalq sistem üçün ciddi dəyişikliklər vəd etdiyi bildirilir.
Trampın vitse-prezidentliyə namizədi Ceyms Devid Vensin, “Çinin hərəkətlərinə nəzarət edə biləcəyimiz yeni nizam formalaşdırmaq istəyirik”, – sözləri xüsusi diqqət çəkib. Bu məzmundakı təcridçilik (neo-izolyanizm) ABŞ-ın bütün imkanlarını səfərbər edərək qorumağa çalışdığı mövcud nizamın ən çox Çinə sərf etdiyi fikrini irəli sürür. Ona görə neo-izolyanistlərin mövcud nizamı dəyişdirməyi hədəf seçdiyi deyilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu iddia reallığa uyğun görünmür:
“Çin və ABŞ əzəli, bəlkə də əbədi rəqibdirlər. Bunu hazırkı geosiyasi şərait daha yaxşı göstərir. Belə ki, sürətlə qütbləşən dünyada Vaşinqton digər rəqibləri kimi Pekini də sürətlə zəiflətməyə çalışır. Bu, daha çox “yumşaq güc” vasitəsilə, o cümlədən iqtisadi təsir imkanları ilə həyata keçirilir.

Kənan Novruzov
Çin və ABŞ bir-birilərinin hegemonluğunu qəbul etmək istəmirlər. Məsələ həm də Şərq-Qərb mübarizəsi baxımından xarakterizə edilməlidir. Çin Şərqin, ABŞ isə Qərbin əsas nümayəndəsidir. Odur ki, ABŞ-ın Çinin “əlinə oynaması” ağlabatan deyil”.
Turan Rzayev
Globalinfo.az














