ABŞ hərəkətə keçir, Rusiya səssizliyi qoruyur: Bakı isə… – Qafqaz odla su arasında

ABŞ Cənubi Qafqaz siyasətini aktivləşdirib. Vaşinqton faktiki olaraq Bakı ilə İrəvan arasında sülh prosesinə müdaxilə etmək, daha dəqiq desək, öz moderatorluğunda prosesi yekunlaşdırmaq istəyir. 

Bu istiqamətdə son zamanlar həm Ermənistana, həm də Azərbaycana ABŞ rəsmiləri səfər edir, tərəflərin fikrini öyrənib, onları narahat edən məqamları aydınlaşdırmağa çalışırlar.

ATƏT-in Minsk Qrupunun amerikalı keçmiş həmsədri Ceyms Uorlikin “Ermənistan və Azərbaycan həqiqətən də sülh astanasındadırmı?” mövzusunda keçirilən müzakirədə dedikləri də Vaşinqtonun mövqeyini ortaya qoyur.

Rəsmi Bakı isə hələlik sülh prosesinin vasitəçilər olmadan ikili danışıqlar ilə aparılmasını istəyir. Bu istiqamətdə ABŞ-la da müəyyən məsləhətləşmələr aparılır və mövqe bildirilir.

Rusiya ABŞ-ın prosesə müdaxiləsinə niyə səssiz qalır? ABŞ-ın bu təşəbbüsləri sülh sazişinin imzalanmasına nə kimi təsir edəcək? Məqsəd COP29-a kimi sazişin imzalanmasına nail olmaqdır? ABŞ-ın bu məsələdə hədəfi, marağı nədir?

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması ilə bağlı təşəbbüsün Birləşmiş Ştatların nəzarətinə keçdiyini söyləmək üçün hər hansı bir fundamental əsas olduğunu düşünmür:

“Vaşinqton buna cəhd edə bilər, amma birtərəfli cəhdlər, bir qayda olaraq, heç nəyi həll etmir. Ola bilsin ki, Ağ Evin cəhdləri sülh müqaviləsinin daha tez bir zamanda imzalanmasına xidmət etsin. Amma bu heç də Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə edilməsində maraqlı olduğunun göztəricisi deyil.

Bayden administrasiyasının bu cəhdləri istisnasız olaraq ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Ağ Ev seçkilərə qədər bir neçə istiqamətdə nəticə əldə olunmasına çalışır”.

Politoloq deyib ki, İsrail-Hizbullah (Livan) qarşıdurmasının genişmiqyaslı müstəviyə qədəm qoyduğu, Təl-Əvivin Vaşinqtonu dinləmədiyi, həmçinin Rusiya-Ukrayna müharibəsi istiqamətində nə hərb, nə də sülh müstəvisində irəliləyişə nail olmağın mümkünsüzləşdiyi zaman kəsiyində Ağ Ev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini imitasiya etməklə Baydenin xarici siyasətdə cüzi də olsa bir nəticə “əldə etdiyini” sərgiləmək istəyir:

“Sirr deyil ki, Bayden administrasiyası son 4 il ərzində ABŞ-ın xarici siyasətini dalana dirəyib. Co Bayden prezident seçildikdən təxminən 1 ay sonra Talibanla sülh sazişi imzalayıb və ABŞ heç bir nəticəyə nail olmadan, qorxaqcasına Əfqanıstanı tərk edib, dünyəvi, sivil dövlət, elm, təhsil, mədəniyyət tərəfdarı olan bütün insanların taleyini zərbə altında qoyub, yüzminlərlə əfqanıstanlını aldadıb.

Cənubi Qafqazla bağlı vəziyyət hər kəsə aydın olduğu üçün təkrara yol verməyəcəm. Rusiya-Ukrayna müharibəsində isə hər şey göz önündədir. Bundan başqa, ABŞ-ın Şimali Koreyaya, Tayvan üzərindən Çinə təzyiqləri də heç bir nəticə verməyib. Ağ Evin Suriya, İraq, Liviya və digər istiqamətlərdə də hər hansı bir uğur qazandığını söyləmək mümkün deyil. Əksinə, Birləşmiş Ştatlar bu istiqamətlərdə də uğursuzluğa düçar olub. Bu səbəbdən, Bayden administrasiyası seçkilərə tamamilə əliboş gedir.

Hazırkı vəziyyətdə isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Ağ Evin bütün, bəzən daha çox təxribat xarakterli cəhdlərinə baxmayaraq, məhz Vaşinqtonun iştirakı ilə hər hansı bir nəticənin əldə olunacağı inandırıcı deyil. Çünki problemin təməlində dayanan amillər sülh müqaviləsinin tez bir zamanda imzalanacağını düşünməyə əsas vermir. Sülh üçün Ermənistan Azərbaycanın anklavdakı kəndlərini qaytarmalı, öz konstitusiyasından, müstəqillik bəyannaməsindən və digər hüquqi-normativ aktlarından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. İşğal ərazi baxımından kiçik olsa da davam etdikcə, həmçinin bütövlükdə torpaqlarımızın işğalına, bir milyona yaxın azərbaycanlının 30 il davam edən məhrumiyyətlərinə, soyqırımına, misli görünməmiş vandalizm aktlarına səbəb olan amillər, yəni ərazi iddiaları qaldıqca sülh müqaviləsinin imzalanması inandırıcı və mümkün deyil”.

Turan Rzayev 

Globalinfo.az