Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra ABŞ rəsmilərinin də ölkəmizə səfərinin baş tutacağı ilə bağlı məlumatlar yayılıb.
Vaşinqton Azərbaycana hansı yüksəkvəzifəli məmurunu göndərəcək?
Globalinfo.az-a danışan AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib ki, Vladimir Putinin Azərbaycana səfəri ABŞ və Avropanın aparıcı dövlətlərində diqqətlə izlənilirdi:
Elnur Kəlbizadə
“Təbii ki, səfər zamanı aparılan müzakirələr və əldə olunan nəticələr indi Cənubi Qafqazı əhəmiyyətli hesab edən bütün güc mərkəzlərini maraqlandırır. Azərbaycan digər dövlətlərlə, o cümlədən Rusiya ilə əlaqələrini öz maraqları çərçivəsində qurur. Rusiya da hazırda Azərbaycanla əlaqələri özü üçün əhəmiyyətli hesab edir. Rəsmi Vaşinqtonun Bakı ilə müəyyən müzakirələr aparmağa cəhd edəcəyi şəksizdir. Lakin bunun hansı səviyyədə olacağını indiki şəraitdə dəqiq söyləmək olmaz.
Blinkenin və ya digər yüksək səviyyəli ABŞ təmsilçisinin Cənubi Qafqaza səfəri ilə bağlı hansısa məlumat yoxdur. ABŞ payızda keçiriləcək yeni prezident seçkilərinə hazırlaşır. Rusiya ilə münasibətlər də seçkinin nəticələrindən xeyli asılıdır. Bu baxımdan indi ABŞ-ın özündə də müəyyən qeyri-müəyyənliklər var”.
Safura Bənnayeva
Globalinfo.az